Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «“Gülüstan”dan öncə», страница 2

Шрифт:

Kərbəlayı Arif məclisə göz gəzdirib sözünü belə qur-tardı:

– Cənab xanlar, ağalar! Şamaxıda ərsəyə gəlmiş hü-kəma, üləma, şüəra həmişə çalışıb ki, insan bu üç qiymətli şeyi itirməsin, qazansın. Və öz şeirlərilə məhz belə insanların tərbiyəsinə xidmət etməklə şərəfyab olublar. Odur ki, məmləkətimiz abad, rəiyyətimiz firavandır. Ruhi qida mənbəyi məscidlər, elm ocağı mədrəsələr, səhhət üçün zəruri olan hamamlar, şəfaxanalar tikdirir imkanı olanlarımız. Keçənlər rəhmətlə, qalanlar məhəbbət və hörmətlə yad olunur.

– Bütün bunlar xanımızın ədalətli rəftarının nəticəsi-di, – deyə tarixçi Kəşfi söz köhləninin cilovunu əlinə al-dı, – Deyir, hədislərdə buyurublar ki, bir gün xülafayi-raşidindən Həzrəti Faruq Rəzyallahi dəvəylə haradansa gəlirmiş. Çöldə yoxsul, ac-yalavac, tənha bir qarıya rast olur. Soruşur: “Bu çölləmədə tək neynirsən, ana?” “Ömər Faruqun mənə əli çatıb, aclıqdan qurtarmasını gözləyi-rəm”, – dedi qarı. “Ana, burada Ömər səni necə tapar?”, – soruşdu Faruq. Qarı suala sualla cavab verdi: “Məni tapmayacaqsa, dövlətin başına neyçün keçib?” Faruq qısı-lıb bu sözdən, buyurub: “Doğru deyirsən, ana, öz tə-bəəsindən xəbərsiz hökmdar, bəladan başqa bir şey deyil-dir”.

Məclisdə oturan Qoca bəy adlı dövlətli zadəganlar-dan biri gözlərilə danışmaq istədiyini bildirdi. Xan da ey-ni işarətlə danışıq icazəsi verdi. Qoca bəy sağ əlini döşünə qoyub, xan tərəfə baş əydi. Diz üstə qalxıb sözə başla-yanacan, yenə də Məhəmmədsəid xan incə bir təbəssümlə söz atdı:

– Aşiqəm bu şamaxılıların işarətlə danışmağına.

Qoca bəy dedi:

– Xan, qurbanın olum, elə çoxdandı ki, əlimdəki bir qədər varidatı xeyir işə sərf etmək istəyirdim. Həccə get-mək boynuma gəlib, amma səhhətim yol vermir. Axund ağa da buyurdu ki, “hifzi-bədən vacibdi”.

Xanın sağ tərəfində, ondan azacıq aralıda əyləşmiş Axund Mirabtalib başilə də, dililə də təsdiq elədi:

Doğrudur, doğrudur… Bəli…

Qoca bəy onun susmasını gözləyib, məsləhət qəsdilə sözünə davam elədi:

– Deyirəm, əgər məsləhətsə, həccin xərcini “niyabə-tən ziyarət” elətdirməkdənsə, bir məscid tikdirim İmamlı məhəlləsində. İmamlılar köhnə məscidə sığmır maşallah…

– Maşallah…

– Çoxalıblar…

– Məscid də çox qədimdi, kiçikdi… uçulur az qala…

– Bəli, yanında bir mədrəsə tikdirim ki, bilicilər bilik öyrətsinlər balalarımıza.

– Maşallah…

– Allah xeyir versin!

– Mübarəkdi!

– Bir də yanında bir aşxana bina etdirim ki, ehsan ver-mək istəyənlər, özüm də içində, aclara, səfərilərə, yol ada-mı dərvişlərə, qələndərlərə… Qərəz ac qarın doyursun…

– Barəkallah!

– Mübarəkdi!

– Bir də şəhərin günbatanında bir karvansara tikilsə, xanın mərhəmətinə sığınıb deyirəm ha… yol yorğunu yol-çular, tacirlər istirahətə məşğul olar. Daha yorğun karvan-çı şəhərin ortasına, ya günçıxan səmtinə, qüzeydəki, gü-neydəki karvansaralara getməyə məcbur olmaz.

Əvvəl xan, sonra qayınatası, sonra da Axund Mirab-talib mübarəkbadlıq edib, xeyir-dua verdilər. Qasım xan da dodaqucu, – “mübarək”, – dedi.

Zadəganlar arasında yaltaqlığı, acizliyi ilə tanınan İsa bəy əllərini göyə qaldırdı:

– Çox mübarək! Padşah yer üzündə Allahın kölgəsi-di. Xan başına döndüyüm də bizim padşahımızdı, deməli, Allahın kölgəsidi. Allaha da qurban olum, onun kölgəsinə də. O ki izn verdi, xeyir-dua verdi, inşallah, hər iki dün-yada işin gətirəcək, Qoca bəy.

Qasım xanın qəlbini həsəd yeyir, düşünürdü: “Hə, yaltaq köpəyoğlu, de… de… şişirt… şişirt!.. Ver qoltuqları-nın altına Qalaqayın qarpızlarını. Amma gözlə ki, başında çatdamasın o qarpızlar”.

İsa bəyin sözlərindən Mustafa xan bərk sıxıldı. Ona elə gəldi ki, indicə Məhəmmədsəid xan elə biləcək ki, kürəkəni özünü təriflətməkçün qurdurub məclisi də, bu qurğunu da… Qoca bəy təklifini də, nadinc, atmacalı dili-ni işə salacaq, odur ki, söhbəti uzatmağa imkan vermədi. Cəld mövzunu dəyişdi:

– Ağalar, bu gün məsləhət-məşvərət məclisinə yığış-mamışıq. Qoca bəy sağ olsun, öz yerində. Amma gəlin məclisə bir afət dəvət eləyək. Mən biləni biz yox, heç zəmanənin gözü belə afət görməyib.

Məclisdə canlanma əmələ gəldi. Üzlər gülümsədi, gözlər nur saçdı, dodaqlar qımıldadı.

– Neynək, neynək, qoy əvvəl o afəti bizim gözümüz görsün, sonra ruzigar…

Səs yenə də Məhəmmədsəid xanındı.

Məclislər aparmaqda xüsusi məharəti olan seçmə xidmətçi Süheylin (Az para şeir dediyindən əsil adı Ələk-bər olsa da, hamı onu “Süheyli” çağırırdı) işarəsilə qapı açıldı, əvvəlcə sazəndə dəstəsi içəri girdi. Aşağı başda – qapıya yaxın, onlarçün ayrılmış yerdə əyləşdilər. Sonra da gözlərini Ələkbər Süheylinin üzünə zilləyib icazə gözlədilər. Ələkbər də xana tərəf döndü, icazəni onun gözlərindən oxudu və çalğıçılara çevrilib, başıyla razılıq işarəsi verdi. Tar, saz, nay (qarmon), dəf və qoşanağara dilə gəldi; “Salami” oyun havası məclisə salam verməyə başlayınca qonşusuyla “xırda söhbətə” məşğul olanların belə gözləri zər pərdəli, naxışlı qapıya zilləndi. Pərdə əv-vəlcə sanki nəfəsdən titrədi, xəfif-xəfif hərəkətə gəldi və rəqqasə Zərqələm-zər göründü. Baxışlar bu gözəllikdən şəfəq alıb par-par yandı. Nəfəslər tıncıxmağa başladı. Təkbir nida səsləri “Salami”nin melodiyalarına qarışdı:

– Afərin!

– Mərhəba!

– Maşallah!

– Yaman gözə gəlməsin!

Əlvan yun şətəlli2 xırdaca ayaqlar baş barmaqların üs-tünə qalxanda al kimxadan büzməli tuman çadır kimi açıldı. Xırdaca ayaqlar məclisin ortasına doğru irəlilədik-cə, ağ qaymağı xaradan tikilmiş yelpazə ətəkli və yelpazə qollu arxalığın qucduğu qollar, zər butalı çəhrayı qaz köynəkdən baş qaldırmış sinəyə doğru qalxdı; ağ yuxa əl-lər yuvarlaq çənədən aşağı silsilə boyunbağının üstündə birləşdi; mirvari cıqqalı baş əvvəlcə xanlara, sonra da dövrə vurub oturmuş bəylərə, ağalara tərəf əyilib salam verəndə, burma birçəklər, ənlik və kirşanız da bərq vuran yanaqlara doğru sardı. Mirvari saçbağı toxunmuş hörük-lər örpəyin altından qızıl kəmərin qucduğu belə tərəf sal-landı. Üç xırda, təzə gilas dodaqları təbəssümsüzdü. Tanrıdan sürməli kirpikləri əllərinə doğru enmiş, gözləri-nin rəngini gizlətmişdi. Musiqi çağırırdı onu. Vücudunun bütün hüceyrələrinə hopan melodiya, – “gəl-gəl”, – deyir-di ona, tələsdirirdi onu… Və o, bu ahəngə dalıb süzməyə başladı. Musiqiylə dilbir yuxa əllər və ayaqlar öz bildiyin-dəydi.

İstəyirəm sevgili oxucum bilsin ki, bu rəqqasə Zərqə-ləm-zər, sonralar rəssam knyaz Qaqarinin dünya təsviri sənətində əbədiləşdirdiyi ölümsüz sənətkarımız Sonanın müəllimi – ustadıydı. Hələlik Sona xırdacaydı, çalğıçıla-rın arasında büzüşüb oturmuş, əvvəlcə sıxıldığı məclisdə indi ustadından başqa heç kəsi görmürdü.

Zərqələm-zərin hər bir dönüşü, hər bir göyərçinsayağı qanad çırpıntısı, hər bir yan-qıyğacı baxışı tamaşaçıların alqışına səbəb olurdu. Musiqiyə həmahəng çalınan əllərin çəpik səslərinə zövqdən, riqqətdən ucalan nidalar qarışır, qəribə bir coşqun uğultu yaradırdı.

– Maşallah!

– Mərhəba!

– Əhsən!

– Ölməyəsən, Zərqələm!

– Qənd kimi şirin gözəl!

– Göz dəyməsin!

“Salami” bitdi, alqışlar, “əhsən”lər bitmədi. Bu bitmə-yən heyrət qarışıq sevinc, fərəh, pərəstiş ustad sənətkarın ürəyinə işləyirdi. Süslü gəlin məclisin pərgarla yoxlanmış kimi, düz ortasına gəlib dayandı; yenə də yuxa əllər ipə-yə, qızıla, mirvariyə qərq olmuş köksə doğru qalxdı; çırpı-nan ürək üstündə qərar tutdu. Rəqqasə yenə də əvvəl xa-na, sonra da ümumi məclisin hər tərəfinə baş əydi. Yenə də tanrıdan sürməli, şana kirpiklər yuxa əllərdən aşağı əl-van corablı xırda ayaqlara enib gözlərin şəfəqini, rəngini gizlətdi. Rəqsin ahəngindən allanmış ənliksiz, kirşansız üzə birçəklər hər iki tərəfdən sanki iki qara qövs çəkdi; qara qövsi qaşlarla qarşılaşıb qızın simasına xüsusi gör-kəm verdi…

Bir neçə dəfə musiqiçilər oyun havasını dəyişdilər. Bir neçə dəfə ustad Zərqələm-zər gah sürətli, gah mötədil ahəngli rəqsin ruhuna daldı, ruh verdi, zövq aldı, zövq verdi, sevinc duydu, sevinc-fərəh bağışladı.

Xana həsr edilmiş “Əsgəri” oyun havası səslənincə, Zərqələm-zər başladı, nə başladı. Məclisdən qeyri-ixtiyari bir inilti keçdi. Doğrudan da, heç kəs belə gözəllik görmə-mişdi. Zərqələm-zər rəqs etdikcə xan düşünür, öz qəlbin-də bu incə gözələ suallar verib cavablar alırdı: “Sənə bu yerişi, bu uçuşu kim öyrədib?”

Rəqqasə gül dodaqlarındakı nərmin təbəssümlə xırda-ca, ağ dişləri görünən, “qoşa badam sığmayan dar ağzını” açıb deyirdi: “Yəqin ki, anam. Əvvəl çox istəyib, məni qoynunda-qucağında gəzdirib. Atıb-tutub, yorulanda ye-rə qoyub, dar-dar yeridib…”

“Afərin, yüz afərin səni doğan anaya, sənə rəqs öyrə-dən ustada, səni bu gözəllikdə yaradan Allaha min afərin-lər olsun!”—pıçıldayırdı xan.

Rəqs qurtarıb rəqqasə baş əyəndə xanın işarəsilə qulamlardan biri gözəl bir “Kəşmir şalı” gətirib, Zərqə-ləm-zərin çiyninə saldı. Rəqqasə məclisin ortasında, xanla üzbəüz diz çökdü, əllərini sinəsinə qoydu, baş əydi.

Mustafa xan onun səcdəyə gedib üzünü xalıya qoymasına razı olmadı. Əlinin işarəsilə “qalx” buyruğu verdi:

– Dur, dur, qalx, – dedi, – sənin kimi möcüzə sanət-karın mükafatı daha böyükdü.

Rəqs dəstəsi səssizcə pərdənin dalında qeyb oldu.

Rəqsi şeir əvəz etdi. Kərbəlayı Arif Allahinin noxudu-lu şair Gülabi ilə şeirləşməsi, Kargər Əhmədin həcvləri, Süheylinin, Mirzə Möhsünün və Kəşfinin yeni qəzəlləri məclisdə bir az əvvəl qopan tufanı yatırtdı, coşqun dalğa-lar xırdaca-xırdaca ləpələrə çevrildi. Ürəklərin döyüntüsü sakitləşdi. Başlar şeirlərdəki incə, kamil qafiyələrə, gözlə-nilməz rədiflərə, əlvan mübaliğə və bənzətmələrə, bir söz-lə, bədii təfəkkürün bütün çalarlarına ciddi qiymət ver-məyə başladı.

Şeirlər oxunub təriflənincə qonaq otağına xas xidmət-çilərin ayağı açıldı. Süfrələr salındı. Gümüş aftafa-ləyən-lərdə əl suyu verildi. Mey-məzə, şərbətlər, sərpuşlu gü-müş sinilərdə quzu plov, kəklik plov, zəfəranlı “düyü dağları”, turşulu-şirinli zövqə görə rəngarəng xuruşlar, yanında “gülqənd”, “nar urubu” gətirildi.

Süfrədə zövqə və mövsümə görə meyvə, şirniyyat da vardı. Heç nə və heç kimin arzusu, xoşladığı şey unudul-mamışdı. Birinci məclis deyildi ki! Məhəmmədsəid xan demişkən, “həftə səkkiz, mən doqquz” toy idi, adqoyma məclisi idi, sünnət idi, bayram idi, seyr idi… Alışmışdı-lar… Aşpazlar da, xidmətçilər də, qonaqlar daha çox…

Xörək qabları boşalıb yığıldı. Süfrəyə təzədən təzə və quru meyvə, kişmiş qatılı ləbləbi, qovrulmuş pustə-ba-dam, fındıq, şirniyyat və çayla qəhvə gəldi.

Elə bu vaxt məclisdə xanın yaxın dostu, müsahibi, qonaq kimi əyləşmiş Zaman Əbutalib oğlunun çalğı dəs-təsi qonşu otaqdan içəri girdi. Bayaq məclisi tərk etmiş sazəndələrin yerini tutdular. Xanəndə Zaman Əbutalib oğlunun baş işarəsilə “Şur dəsgahı”nı başladılar. Çaylar içildikcə ustad xanəndə bir neçə gündən bəri Səfi təxəl-lüslü şair Səfiqulu Mirzənin qəzəlini “Şur” üstündə oxu-mağa başladı:

Tutdu qəm ləşgəri üz gəlməyə hamun-hamun.

Qara bayraqlı ələmlər ucu gülgun-gülgun.

Söylədim: “Bu nə sitəm yar qılır əhli-dilə?”

Dedilər: “Eşq yolunda budu qanun-qanun”.

Süfrələr elə döşənmişdi ki, ortalıqda rəqs üçün geniş yer qoyulmuşdu. Musiqi rəngə keçəndə yenə də zərli pər-də nəfəsdən titrədi. Bu dəfə Qəndi xanım əlləri belində meydana çıxıb tufan kimi, ilğım kimi, şəlalə kimi kükrə-di, çağladı və yox oldu. Rəqs boyu məftun gözlərini on-dan çəkməyən xanəndə nəzərdə tutub oxuyurdu:

Gözlərimdən yenə od parladı duzəx-duzəx.

Ciyərimdən yenə qan qaynadı ceyhun-ceyhun.

Qəndi gözəli çağırırdı sanki: Çağırırdım uca avaz ilə: Leyla-Leyla! Dağ səs verdi cavabında ki, Məcnun-Məc-nun! Orijinal qafiyələri, mübaliğələri ilə hamının diqqətini cəlb edən qəzəldə elə bil ki, şair Səfiqulu Mirzə bir qədər sonra baş verəcək faciələrdən, viran qalmış, uca sərvləri qırılmış xanlıqların taleyindən dərin bir təəssüflə xəbər verirdi:

Bu nə viranə könüldür, Səfi, ey-vay, ey-vay?!

Sərvlər var idi bu bağda mövzun-mövzun?!

Lakin indilik, gələcəkdən bixəbər xanlar, bəylər, ağa-lar, zadəganlar Səfiqulu Mirzənin yaratdığı mübaliğələrə, şair qəlbindən qopan eşq atəşinə tutuşub yanırdılar.

– Afərin!

– Mübaliğəyə bax, sən Allah! “Gözlərimdən cəhən-nəm odu parlayır”.

– “Ciyərimdən Ceyhun çayı kimi qan çağlayır”.

– Ya sən “Leyla” çağıran şairə dağın verdiyi cavaba bax: “Məcnun-Məcnun!”

– Qafiyələrinə də, vəzninə, ahənginə də söz ola bil-məz.

– Elə mənasına, məzmununa da… Boşuna söylənmə-yib.

– Yalnız gözəllik, yalnız bədii naxış xatirinə deyilmə-yib. Ürəkdən, ciyərdən qopub hər kəlməsi, misrası, bey-ti…

– Əvəzsizdi-yaaadə…

– Dadaş, bəlkə bu biçimdə bir nəzirəyə girişəsən?

Ələkbər Süheylinin cavabında Kərbəlayı Arif sükut etdi.

Sözmü tapmırdı desin? Ya sükut razılıq işarəsiydi —gələcək nəzirəsini düşünürdü, bəlkə?

Məclis davam edirdi… Axşama qədər xanlar, qonaq-lar zövqdən doyub, qadir yuxu gözlərini yumana qədər.

Şirvanın kefli vaxtıydı. Bir neçə il əvvəl xanlıqlar arasındakı çarpışmalar qurtarmış, Mustafa xan yerində möhkəmlənmiş, qardaşlar da, əmioğlanları da zahirdə id-dialarından əl çəkib oturmuşdular. Doğrudur, keçən orucluqda baş verən hadisə xanlıqda xeyli narahatlığa sə-bəb olmuşdu. Mustafa xan hər dəfə kef məclislərindən sonra yatağına uzananda nədənsə bədbəxt qardaşı İsma-yılın xəyalı gözlərində canlanır, sanki ondan hesab istə-yirdi. Elə bu gecə də xan öz-özüylə tək qalan kimi…

Yox! Əziz oxucum, Şirvanda indinin özündə də mü-bahisəyə səbəb olan bu hadisəni sənə yerli-yataqlı danış-malıyam. Çünki bir bölük adam bu hadisəylə bağlı Mus-tafa xanı zalımlıqda təqsirləndirir, bir başqaları isə onun ədalətini göylərə qaldırırlar. Qulaq as deyim.

ƏDALƏT DİVANI

O il orucluq baharın lap oğlan çağına düşmüşdü. Ha-valar elə gözəl keçirdi ki… Qaranquşlar çoxdan bala ye-dizdirirdi. Lalələrin bağrı qara qana dönmüşdü. Bül-büllərin cəh-cəhinə sarıköynək, torağay cəh-cəhi qarışmış-dı. On gün idi ki, camaat oruc tuturdu. Tərəkəmə elat dağlara çıxmışdı. Qışdan çıxıb ota düşmüş quzular kimi, yemliklə, quşəppəyilə, qazayağıyla, əvəliklə, ispanaqla qarnı doyan köç uşaqları, balaca dayçaların dalınca “qarğı at” səyirdirdilər.

Tox evlərdə, varlı evlərində orucluq bahar bayramı kimi qarşılanmışdı: firni, tərək, balaqdərviş, müşrifi, fın-dıqca-yarpaq dolması qazanları işə düşmüşdü. Obaşdana piti, fisincan plov, toyuq plov, quzu plov yeyənlər, ovşara içənlər bütün günü aclığın, susuzluğun nə olduğunu, demək olar ki, bilmirdilər. Acanda da axşamki yüngül, mədədüzəldən firni-tərək, sucuq, dovğa xəyallanırdılar.

Elat dağlara çıxırdı. Yaylağa qalxmaq vaxtı çoxdan gəlmişdi. Amma havalar, doğrudan da, elə gözəl keçirdi ki, Şirvanın, Şamaxının behiştlə, cənnətlə, Gülüstani-İrəm-lə yanaşı qoyulduğu vaxtlardı. Ayaq tərpədib harasa get-mək, bu gözəlliklərdən, bu çılğın əlvanlıqdan, bu ürəyə işləyən ana təbiətin qoşduğu musiqidən—çayların züm-züməsindən, quşların cəhcəhindən ayrılmaq istəmirdin. Atlar da – təzəcə ayaq tutmuş dayçalarıyla, qoyunlar, ke-çilər yenicə otuxmuş quzuları, çəpişlərilə, dəvələr köşək-lərilə yamyaşıl çəmənlikdə bahara şükran mahnısı oxu-yurdu sanki.

Oruc, orucluq çoxlarının yadından çıxmışdı. Axşam azanı verilməsəydi, bəlkə, növzənbillah, ibadət də yada düşməzdi, iftar da. Müqəddəs ayın belə yaz təntənəsi xü-susilə cavanları unutqan etmişdi. Bir neçə gün idi ki, Fəti bəy ovdaydı. Fəti bəy, vaxtilə Fətəli xanın kor etdiyi Ağa-sı xanla birlikdə gözləri oyulmuş İsmayıl bəyin yeganə övladı, Mustafa xanın qardaşı oğluydu. Orucluğa baxma-yaraq, Fəti bəy dostlarıyla Cəngi meşəsində kefə—ova çıxmışdı. Doqquz bəyzadəydi. Başçıları xan əmisinin himayəsində yaşayan, ərköyün böyüdülən Fəti bəydi. Ca-vanlar həm gəncliyə, həm də zadəgan silkinə məxsus qay-nar, laqeyd bir həyat keçirir, oruc-namaza o qədər də əhə-miyyət vermirdilər.

Əslində elə orucluqdan, ibadətdən qaçmışdılar. Bir neçə gün Cəngi meşəsində ov ovlayıb, quş kababıyla dolanandan sonra, könüllərinə qaymaq düşdü, suluq düş-dü, bulama, dələmə, cırtdanaq, kələkə düşdü. Meşəni tərk edib binələrə üz tutdular. İki gün at bağrı çatdatdılar. Amma Qobustanın bu tərəflərindəki, gözdən uzaq binə-lərdə artıq heç kəs yox idi. Buralarda artıq yayın isti nəfə-si duyulurdu. Balıstanlar, zaqallar, axıllar boş idi. Nə hey-van nə insan… Nohurlarda yavaş-yavaş buxarlanma əla-məti görünürdü. Amma hələ çalaların ətrafında xırdaca cüllütlər səyrişirdi. Günəşdən gümüş kimi parlayan mis güyümləri gümüş kəmər qurşanmış belinə sarı itələyən al-yaşıl geyimli qızlar-gəlinlər də görünmürdü su üstün-də, nohur başında.

İki günün yorğunluğuna baxmayaraq, Fəti bəy, dəs-təsinin üzünü Çarhan-Göylər səmtinə çevirdi. Bu ilan mə-ləməyə başlayan düzgahda dincəlməyə yer, yeməyə dişə dəyən şey yoxudu.

Fəti bəyin taleyi doğuluşundan gətirməmişdi. Ağası xanın nəvəsi olsa da, dünyada heç vaxt xan ola, xanlıq taxtına əyləşə bilməyəcəkdi. Doğrudur, bəzən gah anası, gah da gələcəyi nəzərdə tutub onu himayə edənlər, dost-luq binəsi qoyanlar ümid verir, ürəyində nəysə, nədənsə bir zəif çıraq yandırırdılar. Amma… Amma xan əmisi Mustafa xan dura-dura, əmisi oğlanları xanzadə Teymu-raz dura-dura, hələ o biri qardaşlar… Üstəlik də dovtələb Qasım xan dura-dura… Neçə dəfə Qasım xan əmisi Mus-tafa xanın yerini tutmağa can atmışdı. Bəzən hələ keçmiş-di də bu taxta. Amma nə qohum-əqrəba, nə Şirvanın ad-lı-sanlı bəyləri, nə də öz fərasəti onu bu mövqedə saxla-mamışdı. Saxlaya bilməmişdi.

Şirvan Mustafa xanı sevirdi. Mehriban, ədalətli, qay-ğıkeş bilirdi öz xanını camaat. Onu öz oğlu kimi sevdiyi, balalarından ayırmadığı halda Fəti bəy, nəyə ümid bəslə-yə bilərdi bu cəngi-cidallı dünyada? Bəlkə elə, doğrudan da, bir vəsilə düşdü?

Fəti bəy atını aram-aram sürə-sürə dostlarının atma-calarına cavab vermədən irəliləyirdi. Oğlanlar onu dalğın görüb əl çəkmiş, öz zarafatlaşmalarında, söhbətlərindəy-di. Fəti bəy düşünür və düşündükcə iki əmidostusunun sözləşməsini xatırlayırdı. Xan qızı olan əmidostu cariyə-likdən xanımlığa yüksəlmiş günüsü Mina əmidostuya çımxırırdı:

– Aaaz, aaaz, a qarayçıdan doğulan köpək qızı, xan qızı Pəricahan xanım sağ olsaydı, sən bu qələti eləyə bilər-din? Sənə bir usul biçərdi ki, gündüz gəldüyün yolu gecə qayıdardun. Dədön soysuz, nənən soysuz, sən hardan ol-dun gülməşəkər ki, sənin küçüyün vəliəhd ola, xanlıq id-dahasına düşə?

Mina əmidostu ondan geri qalmadı:

– Dədönnən dədəmdə işün olmasın. Özünnən özümnən danış. Küçüyə qalanda, başundan böyük danış-ma, oğlum xanın belindən gəlib.

– Noolar? Xan öpüb xanım olmusan?

Belə sözbazlıqlardan xan əminin xəbəri yoxuydu. Ha-mı bilirdi ki, xanın dedi-qodudan, xəbərçilikdən zəhləsi gedir. Gülərüz, xoşsöz aşiqidi xan. Amma Fəti bəy də öz payını götürürdü bu didişmələrdən. Əgər atası sağ ol-saydı, əyər onları atalı-babalı – Ağası xanla İsmayıl bəyi Bakıda Fətəli xanın adamları öldürməsəydi… Bəlkə… On-da, o faciə baş verəndə, Fəti bəyin heç bir yaşı da olma-mışdı… İndiysə əmisinin evində böyüyən on yeddi yaşlı cavandı. Öz dəstəsi vardı bəyzadələrdən. Əgər bu səkkiz nəfərdən bir-ikisini ata-anası ona qoşulmağa təhrik etmiş-disə, çoxu onun qayğısız həyatına şirnikmişdi. Onun qılıncvurma, oxatma məşqlərində, at çapışında həmişə öndə getməsi çox cavanın məhəbbətini, hörmətini qazan-dırmışdı. İçərisində ara-sıra, xəlvəti, çox vaxt isə gecələr erməni Sürüşün evindən aldıqları şəraba meyil edənlər də var idi. Daşçı Vartanın arvadı “türk-musurman” cavanları arasında yaxşı tanınırdı. Üzdə falçıydı. Qız-gəlinin falına baxırdı. Noxudla. Gecələr isə cavanlara özünün hazırladı-ğı şərabı satır, içməyə yer, bəlkə hələ başqa əməlləri də hazırlayırdı.

Fəti bəy taleyin ona hazırladığı oyundan bixəbərdi. Amma gələcəyində də heç bir ümid yeri görmürdü. Xan olmayacaqdı. Bu sözsüzdi, şübhəsizdi. Nə gözləyirdi onu? Xan əminin seçdiyi bəyimlərdən birinə evlənib, özü də, arvad-uşağı da “boyunəti” olmalıydımı? Get-gedə gö-zükölgəli xan nökərinə çevrilməliydimi? Əmisindən sonra hakimiyyətə gələn əmioğlanları ona hansı gözlə baxacaq-dı? İstəkli əmoğlu kimi? Rəqib kimi? Xan nökəri kimi? Ya havayı yeyən, köçlü-külfətli üstünə düşmüş “boğazor-tağı“ kimi?

Fəti bəy bütün bunları bir ildən artıq idi ki, düşünür-dü və düşüncələr onu az qala bəzən özündən çıxardırdı. Niyə belə olmalıydı? Teymurazın, Əliqulunun, Cəfər-qulunun, ya başqasının ondan, Fəti bəydən nəyi artıqdı? Onun da babası Ağası xan deyildimi? Onun da atası İsmayıl bəy Mustafa xan kimi xan oğlu deyildimi? Hələ şikəstliyində, kor edilməsində, qətlə yetirilməsində İsma-yıl bəy həmişə Ağası xanın yanında, qulluğunda, dərd-lərinə şərik olmamışdımı? Yooox… Allahın möcüzəli, anlaşılmaz hökmləri var. Bir oğulu —Mustafa xanı bəy, o biri oğulu – İsmayıl bəyi vay eləyəndə nə fikirləşib qanlı fələk görəsən?

Heç anası da nəsildə, soyda Teymurazgillərdən aşağı deyildi. Görək qılınc çalmaqda, ox, tüfəng atmaqda, at çapmaqda, ya başqa igidlik bildirən işlərdə Fəti bəyi ötən vardımı? Lap elə vəliəhd Teymuraz özü olsun. Heç qur-şaq tutmaqda da… Hələ kiçik yaşlarında əmisi onları güləşdirməkdən zövq alardı… Və hərdən Fəti bəy Teymu-razın arxasını yerə qoyanda, gülə-gülə Fətinin kürəyinə əl çəkib deyərdi:

– Özünü gözlə ha… Özünü yığışdır ha, Teymuraz, Fəti səni ötsə… – dalını deməzdi.

Qərəz… Baxtın ola gərək – Allah yanında da, bəndə yanında da, xan yanında da, xanım yanında da. Baxtın ola gərək. Odur ki, Fəti bəy bildiyini eləyir, dünyası çevrilmə-miş, əmi məhəbbətinə arxalanıb, zövqündən qalmırdı. Vaxtını ovda, gündüzünü meşələrdə, seyrlərdə, gecəsini Sürüşün küncündəki mey piyaləsilə dodaq-dodağa keçi-rirdi. İndi də yük atlarının üstünə atılmış xurcunlarda şə-rab tuluqları vardı.

Uzaqdan Qız qalası, Gülüstan, Pirdirəki dağları on-dan aşağı Bayırqala, Qala bazar, Minaxor məhəllələrinin yamyaşıl ağaclar içində itib batmış yastı-yapalaq evləri görünəndə, dostlar Fəti bəyə yaxınlaşdılar. Ağabba bəyin oğlu, hamıdan dilli-dilavər olan Sərdar bəy atını Fəti bə-yin lap yaxınına sürdü. Atlar toqqaşanda Fəti bəy xəyal-dan ayıldı. Sərdar bəy gülürdü:

– Nə… Xəyalpilovu yeyib qurtardın?

Fəti bəy də güldü:

– Nə var, noolub, axı?

– Deyirəm, səmtimiz hayanadı? Bəlkəm bu gedişnən elə Şamaxıya gedək? O Mollaqulaqlar da tutub bizi…

Dalını demədi. Çünki məsələ hamısına aydındı. Fəti bəy bir söz belə demədən atının başını sola – Çarhan-Göylər səmtinə çevirdi. Dəstə də onun ardınca… Doqquz cavan idilər, həmyaş. 17—18 yaşlarında. Taleyin duzağına gedirdilər: Fəti bəy, Sərdar bəy, Ağalar bəy, Səmid bəy, Qulu bəy, Zülfüqar bəy, Ağasən bəy, Ələmşah bəy…

İllərdən 1204-cü, aylardan ramazan (may), günlərdən 10 (25)-cu gün idi… Çarhan kəndinin yaxınlığındakı bulaq üstünə köç düşmüşdü. Bir tərəf qədim Bayat kəndiydi. Bir tərəfi Çarhan. Tərəkəmə köçüb yaylağa qalxmaqdaydı. Yolüstü dincə durmuşdular. Qarakeçə dəyələr uzaqdan yaşıl məxmər üstünə qoyulmuş nəhəng “motal papaq”-lara oxşayırdı. Müvəqqəti binədə kişilərdən kimsə gözə dəymirdi. Yalnız ağbirçək Şahsevən arvadlarının nəzarəti altında al-əlvan geyinmiş qız-gəlin yığındərinlə, təmizlik-lə məşğul idilər. Körpəsi olan uşaq əmizdirir, paltar yu-yan bulaq altındakı çopur daşın üstündə geyim-kecim, dər-dəsmal çəngələyir, qızlar qab-qacaq yuyur, mis qa-zan, tava piyalə siniləri sürtüb parıldadırdı. Ortayaşlı ar-vadlardan nehrə çalxayan, sac asıb yuxa bişirən öz işin-dəydi. Əli hələ iş tutmayan uşaqlar toyuq-cücənin eşələn-diyi yerdə, alaçıqların böyründə oturub oynaşırdı. “Beş-daş”, “əl üstə kimin əli”, “qığmərə” oynayamayanlar düz-kü, yanıltmac deyirdi. Qızlardan biri, – “Ağ qız, axsaq qıza ağ saqqız verdi”, – deyən kimi xırda bacısı, – “Mə-nəəə saqqııız”, – deyib ağlamağa başladı. Hamı gülüşdü.

– Kəs zırıltını. Ala… – deyə qız ağzından çıxardığı “qara saqqız”ın bir tikəsini qoparıb bacısına verdi.

… Atlıları görməzdən əvvəl səsinə diksindilər. Obada bir başıpapaqlı yox idi. Şamaxıya bazarlığa gedən, süru otaran, taxıl almağa yollananlar yalnız axşamüstü qayıda-caqdı. Əmin-aman yerdi deyə, obada “boz it” də qalma-mışdı. Gələnləri ağbirçəklər qarşıladı. Tərəkəmənin əli çu-buq tutan oğlan uşaqları atlıların üzəngisinə, cilova yapış-dılar.

Fəti bəy soruşdu:

– Obada kişi yoxdu?

Hamıdan yaşlı Xatın arvad cavab verdi:

– Yoxdu, dərdin ürəyimə. Nə sözün-söhbətin var, de mənə.

Xatın arvadın qara şal dingəsinin hər iki tərəfindən çal

birçəkləri çəngə-çəngə çıxmışdı. Görünür, başını harasa əyib iş görürmüş, həniri alıb qənşərə çıxmış, saç-birçəyini yığmağa, dinkəsini düzəltməyə macal tapmamışdı. Gələn cavan atlılar vergi yığana, xan nökərinə-filana oxşamırdı. Dünyagörmüş qarının nədənsə dalağı sancdı. Birdən-birə anlaşılmaz bir şübhə doldu ürəyinə. Qorxu bilən deyildi Xatın arvad, amma indi, nədənsə, qorxudan içi titrədi; sə-si də:

– Sözünü de, dərdin alım.

– Nənə…

– Can nənə!

– Bir az qaymağa qonaq elərsən bizi? Yol üstü acmı-şıq.

Belə mənim bu sağ gözüm üstə. Siz keçin istəyirsiz alaçığa.

– Yooox.. Alaçıq gərək deyil, elə o çəmənniyə, deynən, bir xalçadan-palazdan salsınnar. – Bu sözləri Sərdar bəy deyirdi. O biri cavanların qaynar gözü alaçıqlardan boyla-nan, maraqla çıqçətən arasından bəyzadələrə baxan, am-ma hər halda ürəyinə qara-qorxu dolmayan qız-gəlindəy-di.

197,07 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
28 октября 2022
Объем:
210 стр. 1 иллюстрация
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают

Новинка
Черновик
4,9
152