Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Xatirələr», страница 2

Шрифт:

biləcəklər.

İran Azərbaycanında üç ədibin adı dillərdən düşmürdü. Biri Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin), biri Mirzə Fətəli Axundov, biri Mirzə Ələkbər Sabir idi.

Bir neçə gün əvvəl qeydlər dəftərçəmi nəzərdən keçirdim. Dəftərçənin bir yerində Mirzə Fətəlinin beş il uşaqlıq çağlarını keçirdiyi Xamnə kəndi haqqında qeydlərə rast gəldim. Mən bu qeydləri 1941-ci ilin 30 oktyabrında yazmışdım. Onları buraya köçürməyi lazım bildim. Mirzə Fətəlinin uşaqlıq illərini keçirdiyi Xamnə kəndinə gedirik. Təbrizə qastrola gəlmiş opera və balet teatrının artistlərindən bir neçəsi bizimlədir. Niyazi, Məmmədağı Bağırov, Əlövsət Sadıqov və qeyriləri Xamnədə konsert verəcəklər. Alimlərimizdən Yunis Hacıyev, Səmədzadə və mən bir maşındayıq.

Şəxsən məndə elə bir əhvali-ruhiyyə, elə bir inam vardı ki, guya Xamnədə Mirzə Fətəlini uşaqlıq çağlarında görəcəyəm.

Payızdır, lakin təbiətdə solğunluqdan əsər-əlamət yoxdur. Təbrizdən Xamnəyə 80 kilometrlik yol var. Sofyana qədər şose yoludur. Sofyandan o yana yol daş-kəsəkli, dərəli, təpəlidir. Maşınlarımız havaya toz buludları qaldıraraq gedir. Maşınların pəncərələrini örtdüyümüzdən istidən tərləmişik.

Sofyan dəmir yolunun kənarında bağlı, bağatlı böyük bir kənddir. Sofyandan keçərkən kənd əhalisi qarşımıza çıxdı. Kəndlilər bizi çox səmimi, mehribancasına qarşıladılar. İlk dəfəydi ki, Sovet Azərbaycanından gələnlərlə görüşürdülər. Bizimlə qucaqlaşıb öpüşdülər. Onların gözləri yaşarmışdı.

Bəziləri əllərilə, bəziləri donlarının ətəyilə gözlərinin yaşını silirdi.

Bizi şirin dillə öz yoxsul daxmalarına qonaq aparmaq istədilər.

Tələsdiyimizə görə onlardan üzr istəyib yolumuza davam etdik. Maşınlarımızın arxasınca alqış

səsləri ucaldı. Hava çox gözəldi. Ətraf aydın görünürdü. Yol boyu qan qardaşlarımızın taleyini düşünürdük. Uçan quşları, ötən quşları gördükcə cənublu qardaşlarımızın da belə xoşbəxt pərvazlanmasını arzulayırdıq. Yol üstündə kiçik bir kəndin meydançasında maşınlarımızı yoxlamaqçün dayanmalı olduq.

Burada da kənd adamları pişvazımıza çıxdı. Nimçələrdə bizə üzüm verdilər. Kəndin ağsaqqalı bizə:

– Buyurun, xanəmizdə dincəlin, çay için, – dedi.

Biz də təşəkkürümüzü bildirdik. Qocalardan biri gülümsəyərək:

– Qorxmayın, biz xəsis deyilik. Bizdən ehtiyat etməyin. Biz sizinlə qardaşıq. Sağ olun, var olun. Nə

qədər ki, siz burdasınız, kölgəniz üstümüzdədir, kəndin zalım ərbabından qorxumuz yoxdur. Evimiz sizin evinizdir. Kasıbın olduğundan bir şey taparıq. Bu yerin ən xəsis adamı ərbabdır. Hazırda keşiyini həyətindəki əlisilahlı sadiq nökərləri çəkir. Ondan çəkdiyimizi Allah özü yaxşı bilir. Ərbabımızı bizdən yumurta vergisi alanda görsəydiniz özünüzü gülməkdən saxlaya bilməzdiniz. Onun xüsusi bir ölçü daşı var. Vergi vaxtı tərəzinin bir gözünə daşı, bir gözünə isə yumurtanı qoyur, yumurta daşdan bir misqal belə yüngül vəzndə olsa, qəbul etmir ki, etmir. Amma siz bu torpağa ayaq basandan sonra ərbabın tərəzisi, daşı bekar qalıb, danışdığım həqiqətdir, – dedi.

Hamımız güldük.

Mən qocaya dedim ki, yəqin uşaqlıq illərini sizə qonşu Xamnə kəndində keçirmiş Mirzə Fətəlinin Hacı Qarası ilə ərbabınız qohumdur.

Kəndlilərlə səmimi, şirin söhbətdən sonra üzü dağlara sarı hərəkət etdik. Şəbüstər qəsəbəsinə

çatdıq. Burada Sabiri Özünə ustad seçmiş Mahmud ağa Şəbüstərinin qəbrini ziyarət etdik. Mən çöl çiçəklərindən dərib qəbirdaşı üstünə qoydum. Kəndin qocalan, cavanları heyrət içindəydi. Şəbüstərini tanıdığımıza ona hörmət əlaməti olaraq qəbrini ziyarət etdiyimizə məəttəl qalmışdılar.

Kənd uşaqlarıyla bu haqda söhbət etdim. Onlar məni başa düşdülər. Söz verdilər ki, bayramlarda mütləq Şəbüstərinin qəbrini güllərlə, çiçəklərlə ziyarət edəcəklər.

10

Şəbüstər daş, kərpic, palçıq evlərdən ibarət yaşıllıqlar içində qərq olmuş gözəl bir kənddir. Uca barılardan göylərə baş qaldırmış meyvə ağacları, nəzərləri oxşayırdı. Şəbüstərdən Xamnəyə doğru yola düşdük. Budur, ədəbiyyat tarixində adı çəkilən Xamnə görünür. Maşınlarımız kəndin ortasında dayandı. Bir təbii axınla əhali bizə doğru gəlirdi. Biz kənd əhalisinin əhatəsində yarımörtülü bazar içiylə kənd məktəbinə tərəf gedirik. Hamı sevinirdi. Onlar ilk dəfə öz qardaşlarını, sovet adamlarını görürdülər. Məktəb həyətinə girdik. Cümə günü olduğundan məktəbdə dərs yoxdu. Məktəb müdirinin dalınca adam göndərdik. Beş-altı dəqiqə içində məktəb həyəti adamlarla doldu. Bir azdan məktəb və

qonşu damlarda qadınlar, qızlar, uşaqlar göründü. Damlara bir anda ensiz, uzun nərdivanlar söykəndi, qadınlar əvvəlcə qucaqlarındakı qundaqlı körpələrini odun tullar kimi damdakı qızların üstünə

tullayıb sonra isə özləri nərdivanla dama çıxırdılar. Bir azdan Axundzadə adlı, ortayaşlı məktəb müdiri gəlib çıxdı. Ona gəlişimizin səbəbini dedik. O, bizə:

– Xoş gəlmisiniz, çox şadam, – dedi.

Axundzadə Mirzə Fətəli yaradıcılığına yaxşı bələddi. Söhbət əsnasında nədənsə özünün Mirzə

Fətəli familiyası ilə yaxınlığı olmadığını söylədi. Bu söhbətdən nə səbəbə isə bir az çəkinirdi də. Lakin Təbrizdə mötəbər adamlar mənə demişdilər ki, Xamnə məktəbinin müdiri Mirzə Fətəli Axundov nəslindəndir.

Biz Xamnə əhalisi ilə danışmaq istərkən birdən əmniyyə rəisi öz əmniyyələrilə həyətə girdi.

Camaat arasında bir uğultu oldu. Onlar dörd nəfərdi. Bizimlə salamlaşmadan, görüşmədən, əmniyyə

rəisi əlindəki gümüş dəstəkli qamçısıyla kəndlilərin üstünə cumdu və “Pədər süxtə” deyib onları şallaqla dağıtmağa çalışdı. Kəndlilərin etiraz sədaları ucaldı. Mən buna dözə bilmədim. Cəld əmniyyə

rəisinin qarşısına gəlib əlindəki qamçısından yapışdım.

– Ayıb deyilmi? Bunların günahı nədir ki, söyüb qamçılayırsan?! – dedim.

Yunis Hacıyev ikimizin arasına girib bizi sakit etməyə çalışdı, demə mən qeyri-ixtiyari tapançanı atmışam. Əmniyyə rəisi “yumşalıb” mənə hərbi qaydayla salam verdi (Mən o zaman batalyon komissarı idim).

Dedi ki:

– Mən bu bişərəfləri sizin rahatlığınız üçün qovmaq istəyirdim.

Mən dedim ki, kəndlilərdən mütləq üzr istəməlisiniz. O cavabında gülərək dedi:

– Bunlardan ha. Xeyr, ağa.

Əmniyyə rəisi bir azdan dil tökərək bu axşam məni Təbriz restoranlarından birinə qonaq dəvət etdi. Mən məşğul olduğumu bəhanə gətirib onun bu təklifini rədd etdim.

Biz Təbrizə qayıdandan sonra öyrəndim ki, əmniyyə rəisi Təbriz polis rəisinə xəbər verib ki, guya Xamnədə mən onun üstünə silah çəkmişəm. Bu, mənim yadıma gəlmir.

Xamnədə məktəb həyətində böyük şənlik başlandı. Həyətdəkilər, damdakı qızlar, qucaqları körpəli qadınlar bir ağızdan sovet ordusuna xeyir-dua dedilər. Məhəbbətlərini yetirdilər.

Axırda mən ilk olaraq “Durnalar” şerimi oxudum. Dinləyənlər bu şeirdə öz dərdlərini, arzularını gördü. Ədəbiyyatşünas Həbib Səmədzadə toplaşanlara Mirzə Fətəli yaradıcılığından danışdı.

Artistlərimiz opera əsərlərindən ariyalar və xalq havaları oxuduqca alqış səsləri ucalırdı. Konsert zamanı kütlə artistlərimizə qoşuldu. Mahnılar, rəqslər birləşdi. Hətta damlardakı al-əlvan paltar geymiş qızlar bu mahnılara, rəqslərə qoşuldu. Xamnə başdan-başa bağ-bağatdır. Burada badam, qoz, ərik, alça ağacları müxtəlif üzüm növləri kəndə başqa bir gözəllik verir.

Barıları aşıb küçələrə sallanan meyvələrin iri, şəffaf gilələri adama gəl-gəl deyirdi. Təbrizdə olduğu kimi burada küçələrdən keçərkən, həyətdəki gözəllikləri təsəvvür edə bilmirsən.

Ən yoxsul adamın qapısından içəri girdikdə gözlərinin önündə gözəl, könül oxşayan bir mənzərə

canlanır. Hər həyətdə müxtəlif meyvə ağacları və güllər, çiçəklər vardır. Mən meydançalardakı qocaman ağacları gördükdə düşünürdüm. Bəlkə, bir vaxt balaca Mirzə Fətəli bu ağaca dırmanıbmış, bəlkə, balaca Mirzə Fətəli bu keçdiyimiz küçədən keçibmiş. Bəlkə balaca Mirzə Fətəli bu meydanda uşaqlarla kosaldıqaç oynayıbmış və s.

11

Xamnədə bizim müəyyən vaxtımız yarımörtülü bazarda keçdi. Bazardakı bir neçə dükan adlanan gözdə ancaq daş çapı kitablar və əlyazmalar satılırdı. Səmədzadə buradan bir neçə qiymətli kitab aldı.

Xamnəlilər hər yerdə bizimlə idi.

Bizi evlərə qonaq çağırırdılar. Biz ancaq Xamnənin dadlı, ətirli meyvələrindən yeyə bildik.

Axşam düşdüyündən Xamnəli qardaşlarımızdan həsrətlə ayrıldıq. Yol boyu düşünürdüm, xəyalımda Xamnə meydançasında gah balaca Mirzə Fətəlini uşaqlarla oynayan görürdüm, gah böyük, dahi ədibin ucalan heykəlini seyr edirdim.

Oktyabr 1962

12

Əzim Əzimzadə

Əzim Əzimzadə təsviri İncəsənətin yüksək zirvələrində özünə əbədi yer tutmuş qüdrətli, sözün əsl mənasında xalq rəssamıdır.

Böyük rəssamın şöhrəti bütün varlığı ilə xalqa, vətənə bağlılığından, onlara böyük istedadıyla xidmət etməsindən irəli gəlmişdir.

Şəxsən mən Əzim Əzimzadəni Molla Nəsrəddin və digər gülgü məcmuələrimizdəki əsərlərilə

tanıyırdım.

O zaman bir ailə tapmazdın ki, Əzimzadənin çəkdiyi rəsmlərə baxıb dərindən, ürəkdən gülməsin.

Keçmiş dövrdəki fırıldaqçı din nümayəndələri, bəylər, mülkədarlar, qolçomaqlar, qoçular, canilər, xalqın həyatını zəhərləyən bu müzürr insanlar onun fırçasından çıxan əsərlərlə şiddəti zərbəyə, atəşə

tutulurdular. O zaman Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) və Sabirlə yanaşı Əzim Əzimzadənin adı da hörmətlə və məhəbbətlə çəkilirdi. Xalqın gözünü həqiqətə açmaqda, əzablara dözmüş zəhmətkeşlərdə qanlarını soranlara qarşı qəzəb, nifrət oyandırmaqda Əzimzadə də çox mühüm bir rol oynamışdır. O dövrdə bu, sənətkar üçün böyük qəhrəmanlıqdı, fədakarlıqdı.

Əzimzadə ilə əyani 1925-ci ildə “Kommunist” qəzeti redaksiyasında tanış oldum.

Əzimzadə qəzetin növbəti nömrələri üçün beynəlxalq məsələlərə, məişətimizdəki kəsirlərə aid karikaturalar, şarjlar çəkirdi.

Bizim “Gənc qızıl qələmlər ittifaqı” həmin vaxtda kommunist qəzetinin klubunda fəaliyyət göstərirdi. Əzimzadəni ilk dəfə Nəriman Nərimanov adına Sənaye Texnikumunda oxuduğum zaman filarmoniyada Sabirin xatirəsinə həsr edilmiş ədəbi, bədii gecədə səhnədə gördüm.

Bu gecədən toplanan pullar Sabir kitabxanasının zənginləşdirilməsi üçündü.

Budur, Əzimzadə səhnədə göründü. Gurultulu alqışlar altında salondakılara hörmətlə baş əydi.

Kiçik taxta lövhəyə kağızlar yapışdırıb bir göz qırpımında kömürlə sovet hökumətinin düşmənlərinin Makdonaldın, Petenin, Çemberlenin, Qolçaqın, Kerenskinin, qeyrilərinin eybəcər şəkillərini çəkir və

salondakıların gülüşləri altında qızğın alqışlanırdı.

Əzim Əzimzadənin mədəniyyətimizin hər sahəsindən yaxşı dostları vardı. Yazıçılardan və

jurnalistlərdən Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Seyid Hüseyn Sadiq, Əli Nəzmi, Nemət Bəsir, Məmmədəli Sidqi, Xəlil İbrahim, Əsəd Tahir, artistlərdən Hacıağa Abbasov, Mirzəğa Əliyev, Abbas Mirzə Şərifzadə, İsmayıl Hidayətzadə, Hüseynqulu Sarabski, Sidqi Ruhulla, partiya və dövlət xadimlərindən Ruhulla Axundov, Həbib Cəbiyev və başqaları onun sənətinə çox yüksək qiymət verirdilər.

Əzimzadəni tez-tez nəşriyyatlarımızda, qəzet və jurnal redaksiyalarında görmək olardı.

Onun fırçası bir gün də bikar qalmırdı. O İllərin kitablarında, qəzəl və jurnallarında Əzimzadə

fırçasından çıxmış əsərlərə rast gəlirdik.

Əzimzadənin gənc yazıçıların iclaslarında iştirakı da yadımdadır.

O vaxt Əzimzadə mənim şarjımı çəkmişdi. O, gülərək deyirdi ki, “səndə nə isə var, şarja yaman çətin gəlirsən”.

Həmin illərdə Əzimzadə mənə öz əksini bağışladı. Şəklin altında ərəb əlifbası ilə bu sözlər yazılmışdır: “Gələcəyimizin parlaq örnəyi, kommunizm quruluşumuzda böyük ümidlər verəcək Süleyman yoldaşa xatirə. Bakı. 5 may 1927-ci il”.

Bu mənim üçün Əzimzadədən ən gözəl, əziz xatirədir. Mən onunla “Maarif və mədəniyyət”

jurnalının katibi olduğum zaman da tez-tez yaxından görüşərdim.

Yadımdadır, Seyid Hüseyn Sadiq jurnalımız üçün “Bir küçənin tarixi” adlı bir hekayə yazmışdı.

Hekayədə Bakı varlısı, qoçusu Hacı Aslandan bəhs edilirdi.

Məcmuənin redaktoru Ruhulla Axundov mənə dedi ki, “Hekayə mütləq rəsmlərlə getməlidir.

Bakının köhnə tiplərini Əzimzadə kimi gözəl bilən ikinci rəssamımız yoxdur. Əzimzadəni tap, hekayəni ver oxusun. Adımdan ona de ki, bundan sonra jurnalımızda fəal iştirak etməlidir”.

13

Əzimzadə Ruhulla Axundovun xahişini sevinclə qəbul etdi. Hekayə üçün çox orijinal, tutarlı rəsmlər çəkdi.

Bundan sonra o, jurnalımızın fəal iştirakçılarından biri oldu. Biz gənclər bir neçə dəfə

Əzimzadənin evində qonaq da olmuşuq.

Bir dəfə rəssam Rüstəm Mustafayev, Şəmsi Bədəlbəyli və mən Əzimzadəgilə getdik. Süfrə

arxasında xeyli söhbətdən, gülməkdən sonra Əzimzadə yorğun olduğundan mürgüləməyə başladı.

Rüstəm Mustafayevin təhrikiylə Əzimzadənin otağındakı bir albomu götürüb aradan çıxdıq. Bu albom Parijdə çox az tirajla çap olunmuşdu.

Əzimzadə albomun aparıldığını o günün səhəri bilmişdi. O bizi tapdı. Nadir albomu geri qaytarmağımızı xahiş etdi. Bir də əlavə etdi ki, cavansınız elə əsərlərə baxmağı sizə məsləhət görmürəm. Üzr istəyib albomu ona qaytardıq.

Hazırda Şüvəlandakı bağ evimdə Əzimzadənin mənə bağışladığı rəngli bir rəsm var. Mən hər zaman o əsərə baxarkən ürəkdən gülməyə bilmirəm. Gənclik illərində mən Əzimzadəyə bir şeir ithaf etmişdim.

Əzim Əzimzadə Azərbaycan xalqının böyük rəssam oğludur. Əzimzadə yaratdığı əsərlərlə

mədəniyyətimizin tarixində şərəfli yerlərdən birini tutur.

Fevral 1970

14

Süleyman Sani Axundov

Uşaqlıq çağlarım sabiq Quba meydanının yuxarısındakı Spasskaya küçəsində keçmişdir.

Quba meydanının yerində indi bağ salınmışdır, küçəmizin aşağı hissəsində Dövlət Dram teatrının binası yüksəlir. Küçəmiz isə hal-hazırda Qasım İsmayılov adınadır.

Yaşadığımız rayonun keçmişi, əhalisi indi də yadımdadır. Məhəlləmizdə yaşayanların çoxu yoxsullardı. Onlar müxtəlif peşə sahibi kustarlar və fəhlələrdi. Əlbəttə, məhəlləmizdə tək-tük varlı, dələduz, hətta qoçu da vardı. Onların üzündən bir çox ailənin günü qara keçirdi.

Küçəmizin yuxarısında (şimal tərəfdə) bir məktəb, ondan bir qədər yuxarıda polis idarəsi yerləşirdi. Məşhur inqilabçılardan Əli Bayramov və Ceyran xanım Bayramova bizim küçədə yarım mərtəbə evimizlə üzbəüz Məşədi Hüseynqulunun mülkünün birinci mərtəbəsində olurdu. Evimizdən bir az aşağıda (cənub tərəfdə) “Dar dalanın” düşəcəyində bir binanın ikinci mərtəbəsindəki çox kiçik, darısqal bir otaqda 26 Baki Komissarından biri müəllimimiz Mir Həsən Vəzirov yaşayırdı.

Bu insanlar haqqında əlbəttə, böyük kitab əsər yazmaq olar. Mən hazırda yazdığım “Xatirələr dəftərim”də bunları doğru, real qələmə almağa çalışıram.

Məhəlləmizdəki məktəbin adı “4-cü rus-tatar məktəbi”idi. Çar dövründə azərbaycanlıları ya tatar, ya da müsəl-man adlandırırdılar.

Lakin yalnız bizim məhəllənin sakinləri yox, bütün şəhər bu məktəbə “Süleyman Sani” məktəbi deyirdi. Çünki bu məktəbin müdiri və müəllimlərindən biri, özünü əsərlərilə xalqa sevdirmiş

Süleyman Sani idi.

Bu yaxınlarda arxivimi yoxlarkən həmin məktəbi bitirdiyim haqdakı kamal attestatını tapıb çox sevindim. Orada Süleyman Saninin, Mir Həsən Vəzirovun, Rəsul bəy Tahirovun, Ağabəy İsrafilbəylinin imzalarını gördükdə uşaqlıq illəri yenidən gözlərim önündə canlandı.

Mənə elə gəldi ki, sinifdə oturub həmin əziz müəllimlərimin dərsini dinləyirərn.

Bəli, yeddi yaşında ikən atam məni həmin məktəbə gətirib ordakı katibə təhvil verdi. Özü isə

dəmirçixanasına getdi.

Ailəmiz o vaxt Ləhic bağlarında istirahətdə idi. (Ləhic bağları Maştağa ilə Kürdəxanı arasındadır).

Məktəb haqqında bütün lazımi məlumatı dəftərə qeyd etdilər, müəllimlər otağında tək qaldığımdan içimi çəkib ağlamağa başladım. Bu zaman başımı bir əl sığalladı. Könlümü alıb şəxsən özü məni sinfə

apardı.

Hər tənəffüs vaxtı isə o, məni məktəbdə yaşayan Zakariya müəllimin otağına gətirib sonra yenə

sinfə aparırdı. Bu munis insan mənim gələcək müəllimim Süleyman Sani idi.

Zakariya bəyin qızları isə mənim başımı şirin dillə və konfetlə qarışdırırdılar. Məktəbdə bəzi müəllimlərdən yaman qorxardıq. Xüsusilə, şəriət müəllimindən.

Şəriət müəllimimiz ruhani idi. Dərs zamanı həmişə ağzı işdə olardı. O ləbləbi kişmiş yeyərdi.

Şəriət müəlliminin dərsindən bir şey başa düşmədiyimizdən sinifdə səs-küy salardıq. Buna görə də

şəriət müəllimi cəza olaraq bizi bir neçə saatlığa odun anbarına salıb qapısını kilidlədi. (Odun anbarından başqa bir müəllimimiz də istifadə edərdi. Bu barədə bir az sonra).

Belə hallarda müəllimimiz Mir Həsən Vəzirov harayımıza çatardı. Anbar qapısını açdırıb bizi həbsdən azad edərdi. Hətta bəzən o, bizi öz evinə aparıb, quran ayələrini oxuyar və mənasını başa salardı. Beləliklə, gözlərimizdən qara cəhalət pərdəsini götürməyə səy edərdi. Ümumiyyətlə, o vaxt bəzi müəllimlər dərslərdən zəif uşaqları öz evlərində təmənnasız imtahanlara hazırlardı. Mir Həsən müəllimin dərslərinə həmişə hazır gələrdik.

Yadımdadır: biz Novruz bayramlarında ona şəkərburadan, paxlavadan bayram payı aparardıq. İlk dəfə ona pay aparanda bir qəribə hadisə baş verdi. Biz kiçik ipək yaylıqdakı hədiyyəni mizin üstünə

qoyanda Mir Həsən müəllim təəccübləndi. Əsəbi halda bu nədir gətirmisiniz?!

Mən dilim topuq çala-çala:

– Şəkərburadır müəllim, – dedim.

O:

15

– Necə, necə, şəkərqara?! – deyə sual etdi.

Dəsmalı açdıq. Müəllim “nahaq gətirmisiniz” – deyə etiraz etdi. Biz çox dil tökdükdən sonra o, bayram payını qəbul etdi.

Maraqlı burasıdır ki, o gündən başlayaraq aramızda Mir Həsən Vəzirovun adı “Şəkərqara müəllim” oldu. Biz Süleyman Saninin, Vəzirovun, İsrafil bəyin dərslərində çox sakit oturardıq.

Süleyman Sanini bir yazıçı kimi də çox sevirdik. Onun “Qaraca qız” povestini, “Qorxulu nağılları”nı dönə-dönə, maraqla, həyəcanla oxuyardıq. Bu kitablar gecələr yataqda da əlimizdən yerə düşməzdi. Bu əsərlərdə böyük məhəbbətlə, səmimiyyətlə qələmə alınmış surətlərin taleyinə ürəkdən acıyardıq, hətta ağlardıq da.

Süleyman Saninin xasiyyətindəki səmimiliyi, dərin sadəliyi, mehribanlığı əsərlərindəki müsbət obrazlarda özünü göstərməkdədir.

Süleyman Sani bəzi yoxsul ailədən olan uşaqlara maddi yardım göstərməyi də unutmazdı. O, öz kitablarını məktəblilərə hədiyyə verərdi.

Süleyman Sani bizə ucadan kiçik hekayələr, şeirlər, təmsillər oxutdurardı.

Bu qiraət yarışlarında mən həmişə fərqlənməyə çalışardım. Qənaət etdiyim qəpiklərə kitablar alıb evdə mütaliə edərdim.

399 ₽
218,97 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
28 октября 2022
Объем:
157 стр. 12 иллюстраций
ISBN:
978-995-256-600-0
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают