Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Uşaqlar üçün hekayələr»

Народное творчество
Шрифт:

UŞAQLAR ÜÇÜN

HEKAYƏLƏR

XOŞBƏXT ADAMIN KÖYNƏYİ

Uzaq ölkələrin birində yaşayan bir padşah var imiş. Bu padşah gecə-gündüz dövlət işlərini fikirləşdiyindən rahatlıq, dincəlmək nə-dir bilməzmiş. Nə gündüz istirahəti varmış, nə də gecə…

Axşam olub yatağına girəndə də, gah o yana dönər, gah bu yana dönər, səhəri diri gözlü açarmış. Belə yaşamaq onu axır bir gün cana doydurur. Vəzir-vəkili başına toplayıb ürəyinin sıxıntısını onlara danışır. Sonra da soruşur ki, bəs indi necə eləsin, nə eləsin…

Vəzirlərin içərisində ən yaşlı və təcrübəli olan biri vardı. Elə o, divandan dikəlib saqqalını tumarladı və üzünü padşaha çevirdi:

– Qibleyi aləm sağ olsun! Hər dərdin bir dərmanı var. Pad-şahımız gecələr səhərəcən rahat yuxuya getsin deyə biz də bir şey fikirləşəcəyik. Mən bunun indilik bir çarəsini bilirəm. Əgər xoşbəxt bir adam tapıb onun əynindəki köynəyi padşahımıza geyindirsək, onda siz artıq rahatlıq içində şirin-şirin yata bilərsiniz, – dedi.

Padşah vəzirin dediyi sözlərə haqq verir. Adamlarını çağırtdırıb onlara tapşırır ki, ölkədə yaşayan ən bəxtiyar adamı tapsınlar və köynəyini də alıb gətirsinlər.

Adamlar yola düşürlər, dağlardan aşır, təpələrdən keçirlər. Varlı bir şəhərə gəlib çıxırlar. Qapı-qapı gəzib dolaşırlar, bu şəhərdə bir xoşbəxt adam axtarırlar. Ancaq kimi tapırlarsa sonradan bəlli olur ki, hamısının bir sıxıntısı var. Ona görə də rastlarına çıxan bu adamların heç birinə xoşbəxt demək olmaz.

Padşahın adamları fikirləşir ki, yox, deyəsən, bu boyda şəhərdə bir dənə də olsun bəxtəvər adam tapa bilməyəcəyik. Bəlkə, kənd yer-lərinə gedək. Orda hər halda xoşbəxt insanlar şəhərdəkilərdən daha çox olar.

Bunu deyib yola rəvan olurlar, qarlı dağlar aşaraq gəlib yaşıllıq-lar içində itən kəndlərdən birinə çatırlar. Kəndi qapı-qapı, ev-ev gəzib dolaşırlar. Ordan da başqa kəndlərə gedirlər. Yoxsul varlı – kimə rast gəlsələr hamısından soruşurlar ki, ən xoşbəxt adam kimdir, hardadır, onu axtarırlar. Ancaq kimə rast olurlarsa hamısının da bir qayğısı, ürəyində özünə görə bir dərdi varmış. Vəzirlər də bundan yaman dilxor olurlar.

Başlarını sallayıb padşahın yanına qayıtmaq qərarına gəlirlər. Bir çayın qırağından keçərkən göy çəmənlikdə otardığı sürüsünün ya-nındaca yerə uzanmış bir çobanla qarşılaşırlar. Çobanın arvadı da elə bu vaxt qucağında körpəsi, əlində də yeyəcək dolu torba ilə gəlib çıxır. Çoban yeməyi böyük iştahla yeyir, sonra isə şirin-şirin arva-dıyla danışır, sevimli balasıyla oynamağa başlayır.

Padşahın adamları heyrət içində qalırlar, çobana yaxınlaşıb on-dan bir dərdi-sıxıntısı olub-olmadığını soruşurlar. Çoban gülümsə-yərək:

– Mənim əzizlərim… Dünya malından heç nəyim yoxdu, amma

yenə də mən xoşbəxtəm, – deyir.

Vəzir-vəkil çobanın bu sözlərindən çox sevinirlər. Sonra da pad-şahın əmrini ona çatdırıb deyirlər ki, əgər geydiyi köynəyi versə, ona bir kisə dolusu qızıl verəcəklər.

Çoban dərdli-dərdli:

– Əzizlərim, sizin arzunuza elə deyən kimi əməl eləməyə hazır

olardım. Mən bir insanın ola biləcəyi qədər xoşbəxtəm. Ancaq inanın ki, sizə verməyə köynəyim yoxdur… Mən köynək geyinmirəm…

Padşahın adamları bu işə kor-peşman olurlar. Köynəyi tapmaq-dan ümidlərini üzdüklərinə görə padşahın yanına qayıdırlar. Xoşbəxt adamın köynəyini uzun-uzadı axtardıqlarını ona danışırlar. Danışır-lar ki, köynəkli adamlar tapdılar, ancaq o adamlar xoşbəxt deyildilər. Axırda bir xoşbəxt adama rast gəldilər, lakin həmin adamın da köy-nəyi yox idi…

Padşah taleyin hökmünə baş əyir. Uzun gecələr boyunca səhərə qədər o yan-bu yana çevrilir, yerinə qor dolubmuş kimi hava işıqlaşa-nacan gözlərinə yuxu getmir…

SƏNƏTİN QİYMƏTİ

Allah yerini behiştlik eləsin, rəhmətlik nənəm bizə həmişə deyər-di ki, adam gərək elə bir iş görsün ki, o işdən başqalarına da bir fayda olsun. Hər süfrə başına oturanda üzünü mənə tutardı:

– Bir insan istər ağacdan olsun, istər dəmirdən olsun, nədən olur-sa olsun, öz əlləri ilə insanlığa faydası dəyəcək bir əsər meydana gətirməlidir. Cavan birisinin alın təri ilə bir peşəyə yiyələnməyindən, bir sənətə sahib olmağından və sonra da insanlar üçün faydalı bir şey yaratmağından da gözəl heç nə yoxdur bu dünyada… De görüm, sənin əlinin belə qabiliyyəti var ya yox? Varsa söylə, biz də bilək… Özün öz əlinlə adicə bir stol, oturacaq, ya bir tabaq, ya da kələ-kötür də olsa bir qəhvə fincanı düzəldə bilərsənmi? Yəni əlindən gələn bir iş varmı?!..

Bunu deyib acıqlı baxışlarla məni süzərdi:

– Bilirəm. Hamı sənə yazıçı deyir, səni qələm əhli bilir. Bəlkə də nə isə cızma-qara eləyib atırsan. Qəbul eləyirəm. Bəlkə də bir yazı-çısan… Gördüyün bütün iş isə evi papiros tüstüsü, siqaret dumanıyla doldurub vaxt öldürməkdir. Məncə, elə bir şey düzəltməlisən ki, bir işə faydası toxunsun. Elə bilirəm ki, bu çox vacibdir. Bax sənə bir əhvalat danışacağam, qulaq as… deyir İran şahının bir oğlu varmış. Ürəyə hökm eləmək olmaz ki… Şahın oğlu yoxsul bir çobanın qızına aşiq olubmuş. Ona görə də atasının hüzuruna gəlib:

– Atacan, mən bir çoban qızını sevirəm. Özü də onunla evlənmək istəyirəm, – deyir.

Atasının qaşları çatılır:

– Heç elə şey olarmı? .. Sən bir şah oğlusan. Sabah mən öləndə yerimə, taxta-taca sən sahib çıxacaqsan. Bir çoban qızı da heç saraya yaraşarmı?

Şahın oğlu bir müddət atasına dil tökür:

Atacan, əziz ata, mən bu qızı sevirəm. Əgər onunla evlənməsəm, özümü öldürəcəyəm.

Atası da oğlunun yalvarışlarına dözə bilmir:

– Yaxşı, bir elçi göndərib qızı istəyim barı, – deyir.

Şah qıza elçilik eləməyə öz vəzirini göndərir. Vəzir qıza deyir ki, şahın oğlu ona aşiq olub, özü də onunla evlənmək istəyir.

Çoban qızı cavabında deyir:

– Yaxşı, bəs şahın oğlu nə iş görür, nə işlə məşğuldur?

Qızın bu cavabından çaşıb qalan vəzır:

– Bu ki şahın oğludur… Nə iş görür demək nədir yəni? İşləmir…

Çoban qızı:

– Yox, şahın oğlu da olsa bir sənət öyrənməlidir. İstəyir şah oğlu olsun, istər başqası mən əlindən heç bir iş gəlməyən birinə ərə get-mərəm…, – deyir.

Vəzir boynu bükülmüş halda geri dönür, şaha qızın dediklərini çatdırır.

Şah da oğlunu çağırtdırıb:

– Bir halda ki, çoban qızını bu dərəcədə çox istəyirsən, ya bir

sənət öyrənəcəksən, ya da o qızı sevmək fikrini başından çıxara-caqsan, – deyir.

Oğlu da:

– Yaxşı, ata, bir halda ki elədir, mən də həsir hörməyi öyrənə-cəyəm, – deyə cavab verir.

Şahın oğlu beləcə yorulmaq bilmədən, aylarla çalışır-vuruşur, başlayır həsir hörməyi öyrənməyə. Getdikcə də öz işinin ustası olur. Bəzəkli-düzəkli həsirlər hörür, gözəl-gözəl rənglər vurur…

Oğlan bu işi əməlli-başlı öyrənəndən sonra yenə də vəziri çoban qızının qapısına elçiliyə göndərirlər. Şahın oğlunun öz əliylə hördüyü həsirləri də vəzir öz yanında götürübmüş. Gəlir çobanın qızına deyir:

– Bax, şahın oğlunun hördüyü həsirlərdir bunlar…

Çobanın qızı razı qalır. Şah oğlunun onunla evlənmək təklifini qəbul eləyir. Saraya gəlin köçür.

Bir gün şahın oğlu Bağdad küçələrini gəzib-dolaşarkən gözünə bir karvansara sataşır. Görünüşündən bura çox təmiz yerə oxşayırdı. Ona görə də şah oğlu hava çox isti olduğundan içəri girib bir az din-cini almaq, sərinləmək istəyir. Sən demə bu yer oğruların, quldurların yuvasıymış. Onun üçün də içəri girən kimi heç ona gözünü açmağa imkan vermirlər, tutub qaranlıq bir zindana atırlar. Gözlərini qan tutan bu oğru-quldurların qorxunc bir adətləri varmış. Ələ keçir-dikləri kök və ətli-canlı adamları öldürüb ətini də arıq-uruq olanlara yedizdirirlərmiş. Şahın oğlu da arıq olduğundan, üstəlik də kimin oğlu olduğunu oğrular bilmədiyindən salamat qalır. Günlərin bir günü şah oğlu onu tutub dustaq eləyənlərə deyir:

– Baxın, mən çox gözəl həsirlər toxuya bilirəm. Özü də bu hə-sirlər çox qiymətli olur. Mənə bir az qamış verin. Mizin də üstünə bir çıraq qoyun. Sizə ən gözəl həsirlər hörmək məndən.

Quldurlar onun dediyi kimi də eləyirlər. Şahın oğlu heç üç gün keçmir ki, rəngbərəng bir həsir toxuyub qurtarır:

– Alın bu həsiri! İran şahının sarayına aparın, şah bu həsirləri görən kimi sizə bir ovuc dolusu qızıl verəcək, – deyir.

Lotular həsirləri atırlar çiyinlərinə, düz bir başa gəlib çıxırlar şahın hüzuruna. Şah bu həsirin naxışlarına baxan kimi heyran olur. Göndərir həsiri gəlinin yanına. Özü də:

– Bu həsirləri saraya satmağa gətiriblər. Bəyənirsə, xoşuna gələ-cəksə alaq, – deyə xəbər yollayır.

Çoban qızı həsirlərin hər bir hörgüsünü bir-bir gözdən keçirdir. Başa düşür ki, əri ona həmin hörgülərin diliylə gizlin bir xəbər gön-dəribmiş. Bu hörgülərdə şah oğlu haraya qaçırıldığını yazıbmış. Ço-ban qızı yazını oxuyan kimi durmayıb şahın yanına gəlir.

Onu vəziyyətdən hali eləyir.

Şah adamlarını göndərir. Şahın adamları karvansaraya hücum eləyib lotuları tuturlar. Şahın oğlu saraya, çoban qızının yanına qayı-dır. Sevgilisinin ayaqlarına düşüb:

– Əzizim, canım-gözüm mənim, bu gün sağ-salamat olduğuma

görə həyatımı sənə borcluyam, – deyir.

Şah da çoban qızının hərəkətini çox bəyənir və onu məhəbbətlə bağrına basır.

Nağılı danışıb qurtarandan sonra nənəm dedi:

İndi əlində bir sənət olmağın nə demək olduğunu başa düşdün-mü?

– Çox gözəl başa düşdüm, nənəcan! Özümə lazım olan qədər puldan-paradan qazanan kimi bir mişar, bir çəkic, bir də taxta alacağam. Sonra da sənin istədiyin olsun deyə bir masa, ya da bir ki-tab şkafı düzəldəcəyəm.

SÖZLƏR VƏ MƏNA

Bir adam uzaq bir səfərə çıxmağa hazırlaşırmış. Ona görə də evindəki iki çuval dolusu buğdanı qayıdana qədər saxlamaq üçün qonşularına veribmiş. Qonşulardan biri buğda kisəsini evin əldən-ayaqdan uzaq bir küncündə gizlədibmiş. O biri qonşu isə çuvalı açıb şumladığı tarlasına həmin buğdanı toxumluq kimi səpibmiş.

Buğda çuvallarının sahibi həmin adam səfərdən qayıdandan sonra gəlir qonşulardan birinin yanına ki, buğdasını istəsin. Qonşu da möhkəm-möhkəm gizlətdiyi buğda torbasını gətirir verir sahibinə. Çöldən tərtəmiz görünən çuvalın ağzını açanda görür ki, buğdanın bir hissəsi kiflənib xarab olub, qalan yarısını da bit-birə yeyib. Bir sözlə, çuvaldakı buğda tamam yararsız hala düşüb.

Zavallı adam boş çuvalı neyləyəcəkdi ki?! Hirsli-hirsli ordan qayıdır gəlir o biri qonşunun yanına ki, buğda çuvalını ondan alsın. Qonşu isə onun qolundan tutub:

– Hələ bir mənimlə gəl! Sənə buğdalarını göstərim, – deyir.

Adamı özüylə aparır əkin əkilən bir tarlaya. Sarı sünbüllü əkin sahəsini göstərib deyir:

– Bax budur sənin buğdaların. Məndə qalsaydı, çürüyüb tələf

olacaqdı. Ona görə də toxumluq kimi tarlaya səpdim. Məhsul yığılan vaxtı çuvallarla dolu buğda götürəcəyik bu tarladan.

Buğda çuvallarının sahibi olan adam razı halda gülümsəyir:

– Allaha şükürlər olsun! Həqiqi ürfan sahibi olan, dərk eləyən,

anlayan bir dostum varmış. O biri qonşum sözlərin altında yatan mənanı anlaya bilmədi. Zərfi gizlətdi, amma zərfin içərisindəkinə diqqət eləmədi. Bu dostum isə sözlərin dar qəlibi içərisində qalmadı. Sözümün canını anladı. Zərfin içərisindəki məktubu oxudu… Əziz dostum! Yay gəlsin, bu tarlanın məhsulundan iki çuval mənə göndər. Yerdə qalanı da sənin olsun. Sənə verdiyim buğda sözü başa düşməyinin əvəzidir. Çox xahiş eləyirəm, mənim bu istəyimi qəbul eləyəsən.

AĞILLI KƏNDÇİ

Bir padşah özünün əyan-əşrəfi ilə birlikdə gəzib dolaşarkən tarlada cüt sürən bir əkinçi babaya rast gəldi. Adamın canla-başla çalışdığını görən və bundan xoşlanan padşah kəndçini yanına çağırıb onunla danışmaq istəyir. Bir neçə söz soruşduqdan sonra öyrənir ki, heç tarla həmin kəndçinin də deyil, özü də gündə on beş quruş zəh-mət haqqına işləyir. Padşah zəhmət haqqının bu qədər az olmağına heyrət eləyir. Çünki padşahın sarayının bir günlük xərcini ödəmək üçün elə yüzlərlə qızıla ehtiyac vardı. Ona görə də padşah çaşıb qalır. Padşahın çaşqınlıq içində olduğunu görən kəndçi deyir:

– Böyük həvəsləri, şiddətli istəkləri olmayan bir insan üçün bu

pulun özü də çoxdur. Aldığım pulu isə üç yerə ayırıram. Bir hissəsi ilə özüm keçinirəm. Bir hissəsi ilə borcumu ödəyirəm. Qalan üçüncü hissəsini də əlimdə sərmayəm olsun deyə yığıram.

Padşah bir tapmacaya oxşayan bu sözlərdən heç bir şey anlamır. Gülərüzlü dindar kəndçi dediklərini bir-bir belə izah edir:

– Pulumun bir hissəsi ilə borcumu ödəyirəm söyləyərkən demək istədiyim bu idi ki, mənə uşaq olduğum zaman ən böyük şəfqəti göstərən atama və anama pul verirəm. Pulumun əlimdə sərmayəm olsun deyə ayırdığım hissəsi isə övladlarımın təhsilinə, oxumağına xərclədiklərimdir… Ümid eləyirəm ki, mənim də əlim-ayağım tutu-lub yeriyə bilmədiyim vaxt onlar da mənim əlimdən tutacaqlar, mənə yardım göstərəcəklər. Pulumun qalan o biri üçüncü qismini də ki öz ehtiyaclarım üçün xərcləyirəm.

Padşah öz camaatı içərisində belə bir gözəl davranışlı adam gör-məyindən çox razı qalır. Namuslu-vicdanlı bu kəndçinin alnından öpür və onun uşaqlarının bütün təhsil xərclərini öz üzərinə götürür.

Uşaqlar da böyüyüb yetişdikləri zaman atalarının yanından bir an belə olsun ayrılmır, ona hər cür köməklik göstərirlər.

FƏDAKAR QADIN

Həmin il qış olduqca sərt keçmişdi. Hər tərəf buz bağlamışdı. Qəsəbədə yaşayanlar bundan istifadə edib bir az əylənmək, şənlən-mək istədilər. Buz bağlamış gölün üstündə çadırlar qurdular. Qəsəbə-nin yerli camaatı: yaşlı-cavan, kişili-qadınlı hamısı şəhəri tərk edib gölün üstünə toplaşdılar.

Kimisi xizəyə minir, kimisi buzun üzərində sürüşürdü. Çadırlar-dan gur musiqi sədaları və şən qəhqəhələr ətrafa yayılırdı. Gənclər sevinc içində atılıb düşür, yaşlılar da bu əyləncəli və xoş mənzərəni zövqlə seyr eləyirdilər.

Günün batmağına az qalmışdı. Bir azdan təpələrin arxasından gülərüzlü ay yüksəlməyə başlayacaqdı…

Ortalıq getdikcə qızışırdı. Şəhərdə tək bir yaşlı qadın qalmışdı. O, zavallı da neçə vaxtdan bəri xəstə idi, yatağa möhtac olmuşdu. Onun ayaqları işləmirdi. Sahildə yerləşən balaca evinin pəncərəsin-dən buz bağlamış gölə və şən-şən oyun oynayanlara tamaşa eləyirdi. Axşamüstüydü. Üfüqə baxarkən günbatan tərəfdə çox kiçik və ağ bir bulud gördü. Bulud az qalırdı ki, üfüqə dəysin. Bunu görəndə yaşlı qadının canına dəhşətli bir qorxu düşdü. Və birdən gənclik günləri xatirinə gəldi… Yenicə evlənmişdilər. Həmin vaxtlar idi. Həyat yol-daşıyla gölün üzərində gəzərkən də belə bir bulud görmüş və qorxu içərisində qaçmışdılar. Həqiqətən də çox keçməmişdi ki, dəhşətli bir fırtına qopmuşdu və buzlar qırılmışdı.

Yenə də çox yəqin ki, elə olacaqdı. Heç bir saat keçməyəcək ki, fırtına qopacaq, buzlar qırılacaq, hər şey və hər kəs bir anda məhv olacaqdı. Ona görə də bacara bildiyi qədər yüksək səslə bağırmağa başladı?!.

Evdə özündən başqa heç kimsə yox idi. Bütün qonum-qonşular da buzun üstündə sürüşməyə, əylənib oynamağa getmişdilər. Bulud isə getdikcə böyüyür və getdikcə qaralırdı. Bir azdan sonra dəniz dalğalanıb cuşa gələcək, güclü dalğalar gölü qoynuna alacaq, buz qırılacaq və hər kəs də boğulub gölün dibində batacaqdı. Fırtına artıq qopmaq üzrəydi.

Qadın bütün gücünü topladı. Əlləri üstündə sürünərək yataqdan yerə düşməyi, çətinliklə də olsa, bacara bildi. Sobaya yaxınlaşdı. Ordan bir od parçası götürüb yatdığı yeri yandırdı. Sonra da güc-bəla ilə sürünə-sürünə evdən bayıra çıxdı.

Balaca ev bir anda alovlara qərq oldu. Yanğından qopan və göy-lərə uzanan alov dilimlərini buzun üzərində oynayanlar artıq uzaq-dan görmüşdülər. Yanan evin kimin ola biləcəyini də təxminən bil-mişdilər. Şikəst qadını xilas etmək üçün yanğın yerinə özlərini çat-dırmağa çalışdılar.

Həmin vaxt külək də qopmuş, göyü qara buludlar sarmışdı. Buz çatlamış, yerindən oynamağa başlamışdı. Axırıncı qoca bir kişi də özünü gölün sahilinə çatdıranda elə biləsən göyün üzü dağıldı. Dəh-şətli bir fırtına qopdu. Bir göz qırpımında nəhəng dalğalar göyün üzünü sardı. Ancaq heç kimsəyə heç nə olmadı.

Bu xəstə, həm də şikəst qadın varını-yoxunu odlara qərq eləməli olsa da, qəsəbədə yaşayanları qarşısıalınmaz ölüm fəlakətindən bax beləcə qurtardı.

ƏN BÖYÜK ŞAHZADƏ

Vorm şəhərindəki sarayda toplanan alman şahzadələri sanki bir-biriləriylə yarışa girmişdilər. Hər biri də öz ölkəsinin genişliyindən, sərvətinin bol olmağından ağız dolusu danışır, sinələrinə döyərək öyünürdülər.

Saksoniya şahzadəsi:

– Mənim ölkəm zəngindir, çox varlıdır. Qüdrətim isə sonsuzdur!

Mənim ölkəmin dağları da dərinliklərinə qədər gümüş mədən-ləri ilə doludur, – deyirdi.

Saksoniya şahzadəsi belə danışanda Reyn şahzadəsi o biri yan-dan özünü ortaya atdı:

– Mənim ölkəmin vadilərində başaqlar qızıl rənginə bürü-nübdür.

Bağlarımızda ən gözəl üzümlər yetişir.

Bavariya şahzadəsi dilləndi:

– Mənim yurdumda böyük-böyük şəhərlər, ən gözəl və ən bə-zəkli kilsələr var. Mənim torpaqlarım öz varına-dövlətinə görə sizin torpaqlardan heç də geridə qalmaz.

Saqqallı Vürtenberq şahzadəsi isə sözə belə başladı:

– Mənim ölkəmdəki şəhərlər çox balacadır. Dağlarımızda gümüş mədənləri də yoxdur. Özünüz bilirsiniz, geniş vadilərimizdə yoxsul əlindən tərpənmək olmur. Ancaq sakitlik və əmin-amanlıq içərisində başımı xalqımın dizləri üstünə rahatlıqla qoya bilirəm.

Reyn, Saksoniya və Bavariya şahzadələrinin gözləri yaşardı. Onlar bir ağızdan dilləndilər:

– Şahzadə Eberxard!.. Ən varlı, ən zəngin ölkə sənin ölkəndir, şərəf medalını da sənin ölkən daşımalıdır…

ÇOBAN UŞAĞI

Bir vaxtlar hər soruşulana insanı çaşdıracaq cavablar verən ağıllı bir çoban uşağı var imiş. Onun şöhrəti ətrafa o qədər yayılıbmış ki, hətta padşah da marağa düşüb həmin uşağı bir gün saraya çağırtdırır:

– Sənə üç sual verəcəyəm. Əgər mənə doğru-düzgün cavab ver-sən, səni sarayda saxlayacağam və sənə öz oğlum kimi baxacağam, – deyir.

Çoban uşağı çəkinmədən:

– Soruşun, deyə cavab verir.

– Birinci sualım belədir. De görüm, dünyadakı bütün dənizlərdə neçə damla su var?

– Padşah sağ olsun… Yer üzündəki bütün çayların axınını bir müddətə dayandırın ki, damcıları sayarkən səhvə yol verməyim. Sonra isə sizə söyləyərəm ki, dənizlərdə neçə damla su var.

Belə ağıllı cavaba heyrət eləyən padşah ikinci suala keçir:

– İndi de görüm, göy üzündə neçə dənə ulduz var?

Çoban uşağı:

– Mənə böyük bir kağız verin, – deyir.

Ona böyük və qalın bir kağız gətirirlər. Kağız gətiriləndən sonra çoban uşağı həmin kağızın üzərinə bir qələmlə çoxlu sayda nöqtələr qoyur. Nöqtələr o qədər çoxmuş ki, saymaqla qurtarmaq olmazmış. Kağızı nöqtələrlə doldurandan sonra, uşaq həmin kağızı padşaha uzadaraq:

– Bu kağızın üzərində nə qədər nöqtə varsa, göy üzərində də o qədər ulduz var. Əgər inanmırsınızsa sayın.

Padşah axırıncı sualını verir:

– Sonsuzluq nədir?

Çoban oğlu deyir:

– Bizim kənddə bir dağ var. Yüksəkliyini, genişliyini və uzun-luğunu qət eləmək düz bir saat çəkir. Oraya yüz ildə bir kərə bir quş gəlir və dimdiyini bir qayaya sürtür. Bütün dağ yox olana qədər sonsuzluğun, əbədiyyətin ancaq bir anı keçmiş olur. Yerdə qalanını siz özünüz hesablayın.

Uşağın ağlına, zəkasına heyran qalan padşah da deyir:

– Sən soruşduqlarımın hamısına ən ağıllı, ən bilikli bir adam kimi cavab verdin. İndən belə mənim sarayımda yaşayacaqsan. Və özün də doğma oğlum kimi hörmət, ehtiram görəcəksən.

HƏYAT TULUĞU

Xəlifə əl-Mötəsim bir gün sarayının eyvanında oturubmuş. Özü də gəlib keçənlərə tamaşa eləyirmiş. Bu zaman onun gözləri yoldan keçən yaşlı bir adama sataşır. Həmin adam eşşəyin belinə ağır bir su tuluğu yükləmişdi. Özü isə min bir əziyyətlə, qan-tər içində ayaq-larını sürüyə-sürüyə yeriməyə çalışırdı. Xəlifə suçunu çağırır. Ondan:

– Rahatlıq, bolluq içərisində yaşayanlar necə olur ki, ömürlərinin bahar çağında bu dünyadan gedirlər, sən isə bu qədər ağır, bu qədər əziyyətli işinə baxmayaraq, yenə də uzun ömür yaşaya bilibsən? – deyə soruşur.

Suçu alnının qırış-qırış qatlarına bir fərəh və aydınlıq gətirən təbəssümlə cavab verir:

– Bunun çox asan bir izahı var, möhtərəm xəlifə. Həyat çeş-məsindən bizə bu damcı-damcı axıb gəlirsə, zənginlərin, var-dövlət sahiblərinin üzünə həyat bulağının gözü birdən-birə açılır və bütün gücüylə sel olub aşır-daşır. Buna görə də onların həyat tuluğunun suyu çox tezliklə boşalır.

Cavab xəlifənin yaman xoşuna gəlir. Fikirləşir ki, yaşlı adamdır, ömrünün qalan günlərini bir kimsəyə möhtac olmasın. Bunun üçün içi qızıl dolu bir balaca kisəni ona hədiyyə eləyir.

Aradan çox keçmir ki, xəlifə su daşıyan qocanın öldüyü xəbərini eşidir. Eşidəndə acı bir təbəssümlə yanındakı adamlara tərəf dönür və deyir:

– Adam haqlı imiş… Sözlərinin doğru olduğunu hətta öz ölümü ilə də sübuta yetirdi… Onun həyat tuluğunun suyu, demək ki, birdən-birə boşaldı…

AĞILLI HAKİM

Bundan çox-çox əvvəl, hələ ta 1506-cı ildə bir tacir şəhərin damlar qaynaşan böyük bazarında gəzərkən içərisində səkkiz yüz qızılı olan pul qabını əlindən salır, ya necə olursa itirir. Pul qabını bir dülgər tapır, götürüb evinə gəlir. Pul qabının ağzını açıb baxanda nə görsə yaxşıdır?! Görür ki, qabın içi doludur pul ilə. Qərara gəlir ki, sahibi ortalığa çıxana qədər pul qabını gizlətsin.

Ertəsi gün bazar günü imiş. Kilsənin keşişi bazar yerində bir tacirin pul qabını itirdiyini, tapana da yüz qızıl verəcəyinə boyun olduğunu söyləyir. Həmin dülgər o günü kilsəyə getmədiyinə görə, əlbəttə ki, bunu bilmirdi. Kilsədən qayıdan arvadı isə yemək ye-dikləri vaxt bir tacirin bazar meydanında içərisində səkkiz yüz qızıl olan pul qabını itrdiyini, tapana da yüz qızıl verəcəkləri xəbərini söylədi və sonra da:

– Ah… nə olardı. Kaş ki, pulları biz tapaydıq, yüz qızılı da biz alardıq… deyə əlavə elədi.

Dülgər qayıdıb arvadına:

– Ay arvad, yuxarıdakı otağımıza çıx, masanın yanındakı divarın oyuğunda dəri bir çanta var. Onu götür bura – aşağıya gətir.

Arvad dülgər deyən kimi də eləyir. Dəri çantanı götürüb gəlir aşağı. Həqiqətən də, keşişin dediyi kimi pul qabının içində səkkiz yüz qızıl vardı. Dülgər yollanır birbaşa keşişin yanına. Keşişdən soruşur ki, içi pul dolu dəri çantanı tapan adama yüz qızıl hədiyyə ediləcəyi söhbəti doğrudur, ya yox.

Keşiş başı ilə təsdiq edərək:

– Əlbəttə, doğrudur. Belə deyəndə dülgər qayıdır keşişə ki:

– Yaxşı, elə isə taciri çağırın gəlsin, pulu mən tapmışam.

Tacir isə sevindiyindən az qalırmış uça. Qaça-qaça gəlir keşişin yanına. Pullarını diqqətlə sayandan sonra çıxarır dülgərə beş qızıl uzadır.

– Bu beş qızılı da hədiyyə eləyirəm sənə. Ona görə ki, vəd elə-diyim yüz qızılı onsuz da götürmüsən. Pul qabında düz doqquz yüz qızıl vardı.

Dülgər tacirin bu sözlərindən elə hiddətlənir ki, rəngi qıpqırmızı olur.

– Bunu mənə söyləməyə necə dilin gəlir. Tapdığım bu pulların içindən bircə qızıl da olsun götürməmişəm… Namuslu, vicdanlı bir adamam mən…

Tacir dediklərinin üstündə ayaq dirədiyindən iş gedir məhkəmə-yə çıxır. Hakim tacirdən soruşur ki, doqquz yüz qızıl itirdiyinə and içə bilərsənmi. Tacir:

– Əlbəttə-əlbəttə, deyə and içir.

Hakim bu dəfə dülgərdən soruşur:

– Sən də səkkiz yüz qızıldan artıq pul tapmadığına and içə bilər-sənmi?

Dülgər “bəli” deyib and içir.

Hakim bu dəfə üzünü hər ikisinə – həm tacirə və həm də dülgərə tutub deyir:

– İkinizin də doğru and içdiyinizə inanıram. Biriniz deyirsiniz ki, doqquz yüz qızıl itirmişəm. O biriniz də səkkiz yüz qızıldan artıq pul tapmadığınızı söyləyirsiniz. Tapılan pul qabında səkkiz yüz qızıl olduğuna görə tacir getsin doqquz yüz qızıl tapan adamı axtarsın. Dülgər də səkkiz yüz qızıl itirən bir adam ortalığa çıxana qədər pul qabını bir yanda gizlətsin.

Beləcə, haqq-ədalət öz yerini tapır. Sözünün üstündə durmayan, acgöz, tamahkar tacir bütün pulundan-parasından olur.

ŞORBA

Balaca uşaq süfrəyə təzəcə oturmuşdu ki, “bu şorba yaman duzludur, mən yemirəm“, – deyib qaşığı əlindən yerə qoydu.

Anası da onu çox məcbur eləmədi:

– Yaxşı… Axşama sənə daha gözəl yemək hazırlayaram, – deyib süfrəni yığışdırdı.

Ana bir azdan sonra tərəvəzə getdi. Tərəvəzdə yeri qazıyıb kartof çıxarmağa başladı. Balaca uşaq da gün batana qədər qan-tər içində anasına kömək elədi.

Axşam düşdü. Onlar evə qayıtdılar. Ana süfrə saldı. Yeməyi çəkdi. Balaca uşaq yeməkdən bir qaşıq ağzına aparan kimi:

– Oho… Bax bu yemək həqiqətən gözəldir. Gör nə gözəl də tamı var, – dedi.

Uşaq iştahla bir qab dolusu şorbanı tez içdi. Anası gülə-gülə:

– Mənim əziz balam. Bu, həmin günorta bişirdiyim şorbadır.

Bəyənməmişdin. Ancaq indi yaman xoşuna gəldi. Çünki bütün günü axşama qədər ürəklə işləyibsən, – dedi.

TAXTA ÇANAQLAR

Bir zamanlar çox yaşlı bir adam vardı. Gözləri yaxşı görmür, qulaqları eşitmir və dizləri də titrəyirdi. Süfrəyə oturanda əlləri əs-diyinə görə qaşığı tuta bilmir, şorbanı süfrənin üstünə dağıdırdı. Yeməyin suyu ağzından çənəsinə, çənəsindən də üstünə-başına tökü-lürdü. Oğlu ilə gəlini isə onu bu halda görəndə qızışır, onu acılayır, qəlbini qırırdılar.

Axırda da bu qocanı süfrə başında oturmağa qoymadılar. Soba-nın yanında ona yer göstərdilər ki, bundan sonra orda otursun, yemə-yini də ordaca yesin. Üstəlik ona gildən düzəldilmə bir çanaq da verdilər.

Qoca onun üçün ayrılan küncdə oturar, süfrəyə də həsrətlə baxardı. Nuru çəkilən gözləri isə yaşla dolu olardı.

Günlərin bir günü qoca çanağı titrəyən əllərindən salıb qırdı. Gəlini nalayiq sözlərlə qocanın üstünə çığırıb bağırdı. Onun oğlu sə-həri günü bazardan çox eybəcər görünüşü, özü də çox kobud dü-zəldilən bir taxta çanaq aldı. Qoca bundan sonra yeməyini həmin əcaib çanaqda yeyəcəkdi.

Bir gün evin xanımı və qocanın oğlu mətbəxdə oturarkən dörd yaşlarında olan oğlu içəri girdi. Uşağın əlində bir neçə dənə taxta parçası vardı.

Atası oğlundan:

– Oğul bala, bu taxtaları nə eləyəcəksən? – deyə soruşdu.

Uşaq dedi:

– Bir taxta çanaq düzəldəcəyəm, ata. Düzəldəcəyəm ki, yaş-lananda siz də o çanaqdan yemək yeyəsiniz…

Bu sözləri eşidəndə atanın da, ananın da gözləri yaşla doldu. Elədiklərindən utanıb peşman oldular. Babanı yenidən süfrə başında oturtdular. Yeməyini üstünə-başına töksə belə, artıq ona qəlbinə toxunacaq, güldən ağır söz də demədilər.

BALACA HƏSƏNLƏ ANASI

Balaca Həsən bir axşam atasının ödəməli olduğu borcları he-sabladığını görəndə tez öz otağına getdi. Çünki ağlına bir fikir gəl-mişdi; anasına göstərdiyi xırda-para yardımların haqqını pul şəklin-də çox rahatlıqla istəyə bilərdi.

Ertəsi gün kiçik Həsənin anası mətbəxdə stolun üstündə bir parça kağız gördü. Kağız parçasında bu sözlər yazılmışdı:

Ananın, oğlu Həsənə olan borcu:

Bazardan çantaları evə daşımaq haqqı – 550 lirə

Məktubları poçta aparmaq haqqı – 300 lirə

Yaxşı bir övlad olduğuna görə – 1500 lirə

Çiçəklərə su vermə haqqı – 900 lirə

Cəmi: 3250 lirə

Həsənin anası kağızın üzərində bu yazılanları oxuyandan sonra heç nə demədi.

Həsən həmin axşam mətbəxdəki stolun üstündə 3250 lirə pulu görəndə o qədər sevindi ki… Görən kimi də tez götürüb cibinə qoydu. Lakin pulun yanında bir hesab kağızı da vardı. Kağızda yazılmışdı:

Бесплатный фрагмент закончился.

123,42 ₽
Возрастное ограничение:
12+
Дата выхода на Литрес:
09 марта 2023
Объем:
100 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri

С этой книгой читают