Читать книгу: «Tom Soyerin macəraları»
Məsələ vuruşmadan başlayır
– Tom!
Cavab gəlmir.
– Tom!
Cavab eşidilmir.
– Çox qəribədir, görəsən, bu uşaq harada itib-batıb!.. Tom!
Cavab yoxdur.
Polli xala eynəyini burnunun ucuna endirdi. Otağı gözdən keçirdi, sonra eynəyi alnına qaldırdı. Yenidən yan-yörəsinə baxdı. O, bir şey axtaranda eynəkdən baxmazdı. Əslində, bu eynək onun bəzəyi və fəxri idi. Onu yaraşıq üçün almışdı, gözünə taxanda heç nə görə bilmirdi. O, yavaşcadan dedi:
– Bir dayan, əlbət əlimə keçərsən!…
Tomu heç yerdə tapmayan Polli xala eyvana çıxıb qışqırdı:
– To-o-om, hardasan?
Onun arxa tərəfində yüngül bir xışıltı eşidildi. Dönüb baxanda əkilmək istəyən uşağı gördü. Cəld onun şalvarının aşırmasından yapışdı.
– Elədir ki, var! Anbara baxmaq heç ağlıma gəlməyib. De görüm, sən orada nə eləyirdin?
– Heç bir şey.
– Heç bir şey? Bir əllərinə, ağzına baxsana. Bu nədir belə?
– Bilmirəm, xala.
– Amma mən bilirəm. Bu, mürəbbədir, bildinmi, mürəbbədir. Yüz dəfə sənə demişəm ki, mürəbbəyə əl vurma. O çubuğu ver mənə.
Çubuq yuxarı qalxdı.
– Xala, bir ora baxın, o, arxanızdakı nədir?
Xala özünü təhlükədən qorumaq üçün tumanının balağını yığışdırıb geriyə döndü. Uşaq isə bir anda hasarı aşıb gözdən itdi.
Polli xala əvvəlcə özünü itirdi, sonra güldü:
– Di bacar görüm onunla, necə bacarırsan! Mən də ki, heç ağıllanmıram da… Hər dəfə məni aldadıb aradan çıxır. Tifil rəhmətlik bacımın balasıdır, ona əl qaldırmağa ürəyim gəlmir! Tənbəllik eləyir, məktəbə getmir. Gərək sabah onu yaxşıca cəzalandıram. Bir iş tapşıram ki, evdən bayıra çıxa bilməsin! Gərək tənbeh olunsun. Yoxsa uşağı bədbəxt eləyərəm.
Tom məktəbə getmədi. Öz vaxtını çox gözəl keçirdi. Axşam yeməyinin vaxtı çatanda evə qayıtdı. Cim həyətdə odun mişarlayırdı. Bu zənci uşaq Polli xalanın qulluqçusu idi. Əslində, Tom, guya, ona kömək eləməliydi. Amma o, elə vaxt qayıtdı ki, Cim artıq işini qurtarırdı.
Tomun kiçik ögey qardaşı Sid də ona tapşırılan işin hamısını görüb qurtarmışdı. O, sözəbaxan uşaq idi və dəcəlliklə işi yox idi.
Tom axşam yeməyini yeyirdi. Fürsət düşdükcə qabdan qənd çırpışdırırdı. Polli xala da ona cürbəcür ağıllı və hiyləgər suallar yağdırırdı. Fikirləşirdi ki, bəlkə, Tom çaşıb ağzından bir söz qaçıra. O, Tomdan soruşdu:
– Tom, bu gün məktəbdə sənə çox isti deyildi ki?
– Bəli, xala.
– Bəs nə əcəb çimmək həvəsinə düşməmisən, Tom?
Tomun ürəyi qopdu, düşündü ki, Polli xala bir şey bilir. Amma anladı ki, xalanın heç nədən xəbəri yoxdur. Ona görə də dedi:
– Nədənsə ürəyim istəmədi, xala.
Polli xala Tomun köynəyini yoxlayıb dedi:
– Hə, Tom, heç tərləməmisən.
Əslində o, Tomun köynəyinin quru olub-olmadığını bilmək istəyirdi.
Ancaq Tom küləyin hansı tərəfdən əsdiyini o saatca başa düşüb, tez xalasını qabaqladı:
– Yox, biz orada quyu suyu ilə başımızı islatmışdıq. Başım indi də yaşdır, bir baxın!
– Tom, başını islatmaq üçün köynəyi çıxarmaq lazım gəlmir, elə deyilmi? Köynəyinin yaxalığını göstər görüm!
Tom köynəyini göstərdi, köynəyin yaxalığı möhkəm tikilmişdi. Polli xalanın ürəyi yerinə gəldi.
– Düzü, mən elə bilirdim ki, sən dərsdən qaçıb çimməyə getmisən. Görünür, mən yanılıram, sən o qədər də pis uşaq deyilsən.
Amma Sid məsələyə qarışdı:
– Mənə elə gəlir ki, siz onun yaxalığını ağ sapla tikmişdiniz, bu tikişin sapı qaradır.
– Əlbəttə, mən ağ sapla tikmişdim! Tom!
Tom söhbətin axırını gözləmədi. Özünü qapıdan bayıra salıb qışqırdı:
– Yaxşı, Sid, gör sənin başına nə oyun açıram!
Tom xəlvət bir yerə çəkilib gödəkcəsinin yaxasını qaldırdı. Astar tərəfə iki yoğun saplı iynə sancılmışdı. İynələrin birinin sapı ağ, o birininki isə qara idi.
– Sid olmasaydı, Polli xala heç bir şey başa düşməyəcəkdi. Lənətə gəlmiş! Xalam da gah ağ sapla tikir, gah da qara. Heç olmasa, həmişə bir cür sapla tiksəydi, adam da çaşbaş düşməzdi, hər dəfə sapı necə yadda saxlayasan. Amma Sidi nə kötəkləyəcəyəm – ömrü boyu yadından çıxmaz!
Tom fit çala-çala yola düzəldi. Birdən qarşısında özündən azca böyük, tanımadığı bir oğlan gördü. Oğlan çox yaxşı geyinmişdi. İşə bir bax, adi gündə o, yaxşı geyinmişdi! Onun paltarı təptəzə idi.
Tom bu şıq geyinmiş oğlanın qarşısında özünü sındırmırdı. Ancaq öz yoxsul paltarı ona daha acınacaqlı görünürdü. Uşaqların heç biri dinmirdi. Onlar bir müddət bir-birinin gözünün içinə baxdılar. Nəhayət, Tom dilləndi:
– İstəyirsən səni möhkəmcə əzişdirim?
– Hünərin var əzişdir! Ancaq bu, sən bacaran iş deyil.
– Dedim, əzişdirərəm, bil ki, əzişdirərəm.
– Əzişdirə bilməzsən.
– Bilərəm.
Onlar bir-birlərinə xeyli hərbə-zorba gəldilər. Tom dedi:
– İtələmə, yoxsa bu saat payını alarsan!
– Görərik, vur da, bəs nəyi gözləyirsən?
Yad uşaq cibindən iki qara pul çıxarıb istehza ilə Toma uzatdı.
– Ay yazıq, bəlkə, acsan, sənə pul lazımdır.
Tom yumruqla onun əlindən vurub pulları yerə saldı. Elə o saatca uşaqlar pişik kimi bir-birlərinə sarıldılar. Torpağın içində eşələnməyə başladılar. Onlar bir-birinin saçını yolur, paltarını cırır, üz-gözünü cırmaqlayırdılar. Getdikcə Tom yad oğlana üstün gəlirdi. Axırda onu altına alıb üstündə oturdu, dedi:
– Üzr istə!
Oğlansa dartınır, birtəhər Tomun əlindən çıxmaq istəyirdi. O, ağrının şiddətindən deyil, acığından ağlayırdı.
Nəhayət, yad oğlan Tomdan üzr istədi. Tom onu buraxıb dedi:
– Bu, sənə dərs olsun. Bundan sonra bil ki, kimə əl qaldırırsan.
Oğlan üstünü çırpıb Tomdan bir az uzaqlaşdı. Onu hədələdi. Tom isə gülüb üzünü yana çevirdi. O dəqiqə yad uşaq yerdən bir daş götürdu. Düz Tomun kürəyinin arasına ilişdirib bir anın içində gözdən itdi. Tom oğlanı evlərinə qədər qovdu. O, bir müddət oğlanın girdiyi evin yanında keşik çəkdi. Düşmənini döyüşə çağırdı. Amma yad oğlan ağız-burnunu əyə-əyə pəncərədən ona acıq verdi. Evdən bayıra çıxmadı. Nəhayət, düşmənin anası göründü. O, Tomu yaramaz və tərbiyəsiz küçə uşağı adlandırdı. Əmr elədi ki, Tom rədd olub getsin.
Tom evlərinə çox gec qayıtdı. Yavaşca pəncərədən içəri sürüşdü. Amma Polli xala onu güdürdü. O, Tomun nə kökdə olduğunu görəndə hirsləndi. Dedi ki, şənbə günü Tom cəzalanaraq ağır bir iş görməli olacaq.
Qiyamət rəngsaz
Şənbə gününün səhəri gəlib çatdı. Yay gününün təmiz havasında hər şey par-par parıldayır, həyat qaynayırdı.
Tom əlində əhəng vedrəsi və uzun fırça səkidə göründü. O, barını gözdən keçirəndə kədərləndi. Doqquz fut1 hündürlüyündə, otuz yard2 uzunluğunda taxta barı! Həyat ona boş və mənasız, yaşayış isə ağır bir yük kimi göründü. O, köksünü ötürüb fırçanı əhəngə batırdı. Bir-iki dəfə divara çəkdi. Amma hələ nə qədər iş var idi! Kefi lap pozuldu.
Cim əlində dəmir vedrə darvazadan çıxdı. Yəqin, ona su gətirməyi tapşırmışdılar. Əvvəllər quyudan su daşımaq Toma cansıxıcı bir iş kimi görünürdü. Amma indi buna başqa cür baxdı. Yadına düşdü ki, quyunun başı həmişə adamla dolu olur. Ağların və zəncilərin uşaqları – oğlanlar, qızlar həmişə quyunun başına yığışır. Növbə çatana qədər dincəlir, bir-biriləri ilə oyuncaqlarını dəyişir, güləşir və oynayırlar. Tom dedi:
– Bura bax, Cim, mən sənin əvəzinə suya gedərəm. Sən gəl buranı bir az ağart.
– Yox, mister Tom, qoca xanım tapşırıb ki, tez su gətirim. O, mənə tapşırıb ki, Tom səni çağıracaq, deyəcək gəl barını ağart, sən isə ona qulaq asma! Xanım dedi ki, barı ilə özü məşğul olacaq.
– Cim, o, çox şey deyə bilər! Vedrəni ver mənə, tez doldurum gətirim. Onun heç xəbəri də olmaz.
O, Cimi yoldan çıxartmaq istəyirdi. Amma bu vaxt Polli xalanın səsi gəldi. Heç bir dəqiqə keçməmiş Cim əlindəki vedrəni danqıldada-danqıldada küçə ilə bərk qaçırdı. Tom böyük səylə hasarı ağardır, Polli xala isə təntənəli bir vüqarla, əlində ayaqqabısı evə girirdi.
Amma Tomun belə səylə işləməsi uzun sürmədi. Qüssə onu boğurdu. Bir azdan başqa uşaqlar evlərindən çıxıb gəzməyə gedəcəklər. Toma isə güləcəklər, lağ eləyəcəklər ki, o, işləməyə məcburdur. Bunu fikirləşdikcə onun bədəni od tutub yanırdı. O, bütün var-dövlətini cibindən çıxarıb gözdən keçirməyə başladı: bunlar sınıq-sökük oyuncaqlar, kiçik bəzəkli daşlar və hər cür xırım-xırda idi. Bunlar heç bircə saatlığına azadlığı almağa yetməzdi. Tom uşaqları rüşvətlə yoldan çıxartmaq fikrindən daşındı. Amma birdən ağlına başqa bir fikir gəldi!
O, sevincək fırçanı əlinə götürdü. Divarı daha böyük səylə rəngləməyə başladı. Bir az keçmiş Ben Rocers göründü – Tom hamıdan artıq onun istehzalarından qorxurdu. Ben alma yeyirdi. Tom onun yaxınlaşdığını gördü, amma qətiyyən Benə məhəl qoymadı. Oğlan gözlərini ona dikib soruşdu:
– Aha, deyəsən, yedəklənmisən! Yaxşıca ələ keçmisən!
Cavab çıxmadı. Tom fırça çəkdiyi yeri bir rəssam gözü ilə nəzərdən keçirdi. Sonra ehtiyatla fırçanı həmin yerə bir də çəkdi. Ben yaxına gəlib onun yanında durdu. Tom almanı gördükdə ağzı sulandı. Amma özünü o yerə qoymadı. Ben dedi:
– Hə, dost, deyəsən, işləmək lazım gəlir, hə?
Tom ona tərəf döndü:
– Ben, sənsən? Heç gəldiyini görmədim!
– Bura bax, Tom, mən çimməyə gedirəm. Sən istəmirsən? Yox əşi, sən, yəqin ki, işləyəcəksən, hə?
Tom diqqətlə Benin üzünə baxıb soruşdu:
– Sən iş nəyə deyirsən?
– Səncə, bəs, bu iş deyil?
Tom fırçanı divara çəkdi:
– Nə bilim, bəlkə, işdir, bəlkə də, heç iş deyil! Ancaq bircə onu bilirəm ki, bu, Tom Soyerin ürəyindəndir.
– Əşi, burax görək! Guya, barı ağartmaqdan çox xoşun gəlir!
Tom əlini bir dəqiqə də olsun saxlamırdı.
– Xoşuma gəlir? Niyə də gəlməsin, bizim kimilərinə barı ağartmaq həmişə qismət olmur.
Bundan sonra iş sanki Benin gözündə dəyişib başqa şəkil aldı. O, alma gəmirməyindən əl çəkdi. Tom fırçanı ehtiyatla irəliyə-geriyə aparırdı. Arabir öz işinin nəticəsindən həzz almaq üçün dayanıb baxırdı. Sonra yenə də fırçanı işə salırdı. Get-gedə Benin bu işə marağı artdı. Birdən o dedi:
– Bura bax, Tom, ver bir az da mən ağardım!
Tom xalasının ona tapşırdığı işi uşaqlara gördürdü. Özü isə əlini ağdan-qaraya uurmadı. Vaxünı da çox şən keçirdi.
Tom fikirləşdi, razılaşacaqdı, amma birdən fikrini dəyişdi.
– Yox, Ben, baş tutmaz. Polli xala bu barının üstündə yamanca əsir. Bilirsən, bura barının küçə tərəfidir. Polli xala üstündə əsir!
– Qoy, heç olmasa, bir az ağardım, bax… Lap azca… İstəyirsən almanın yarısını sənə saxlayım?
– Nə deyirəm… Amma yox, Ben, yaxşısı budur ki, əl vurmayasan. Mən qorxuram.
– Almanın hamısını sənə verərəm!
Tom sevincini büruzə vermədi. Almanı alıb qırağa çəkildi. Ben isə tər tökə-tökə divarı rəngləyirdi.
Ben yorulub gücdən düşənə qədər Tom başlarına yığışmış uşaqlardan növbə düzəltmişdi. Özü də bu növbələr elə-belə deyildi. Tom divarı rəngləməyin əvəzinə uşaqlardan nəsə alırdı. Günortaya yaxın kasıb Tom xeyli varlanmışdı. Artıq onun köhnə bir çərpələngi, ölü siçovulu, on iki kürəciyi var idi. Hələ bu nədir? Gözə tutub baxmaq üçün göy şüşə sınığı, bir cüt çömçəquyruğu, bir gözü kor pişik balası onu lap varlandırmışdı.
Tom əlini ağdan-qaraya vurmadı. Vaxtını da çox şən keçirdi. Barıya üst-üstə üç dəfə əhəng çəkildi. Əgər onun əhəngi qurtarmasaydı, şəhərin bütün uşaqlarını müflis eləyəcəkdi.
Naməlum gözəl qız
Tom barını ağardandan sonra Polli xaladan təşəkkür əvəzi yekə bir alma aldı. Onun kefi kökəlmişdi. Axı Polli xala gəzməyə icazə vermişdi. Üstəlik o, fürsət tapıb qara sap məsələsinin heyfini Siddən çıxmışdı. Əlinə keçən kəsəkləri Sidin başına yağdırmışdı. Polli xala Sidin köməyinə çatana qədər o, aradan çıxmışdı.
Tom şəhər meydançasına tərəf yollandı. Burada qabaqcadan olan danışığa əsasən iki ordu döyüşə hazır bir vəziyyətdə düzlənmişdi. Bunlardan birinə Tom, o birinə isə onun ayrılmaz dostu Co Harper komandanlıq eləyirdi. Hər iki böyük sərkərdə özlərini o qədər də alçaq tutmurdular ki, gedib döyüşəydilər – bu, xırda-mırdaların işi idi.
Sərkərdələr hündür bir yerdə yanaşı oturub hərbi əməliyyata rəhbərlik eləyirdilər.
Uzun və şiddətli vuruşmalardan sonra Tomun ordusu böyük qələbə qazandı. “Ölənləri” hesaba aldılar, “əsirləri” dəyişdilər. Gələn dəfə nə vaxt müharibə elan eləmək və nə üstündə vuruşmaq haqqında razılığa gəldilər. Sonra hər iki ordu sıraya düzülüb yola düşdü. Tom isə tək-tənha evlərinə tərəf yollandı.
O, Cef Tetçerin yaşadığı evin yanından keçəndə bağda tanımadığı bir qız gördü. Bu, iki uzun sarışın hörüyü olan, göy gözlü qəşəng bir qız idi. Bir az bundan əvvəl böyük döyüş qələbələri qazanmış qəhrəman, bircə atəş belə açılmadan qızın əsiri oldu. Əvvəllər məftun olduğu Emi Lourens bir dəqiqədə onun qəlbindən silindi. Tom elə bilirdi ki, onu dəlicəsinə sevir. Amma indi məlum oldu ki, bu, yalnız ötəri bir maraq imiş.
Nə qədər ki qız ona baxmırdı, Tom uzaqdan-uzağa bu yeni məlaikəyə göz qoydu. Sonra, guya, qızın orada olduğundan xəbərsizmiş kimi cürbəcür oyunlar çıxartmağa, özünü göstərməyə başladı. Özünü qıza göstərmək, onun xoşuna gəlmək istəyirdi. Uzun müddət müxtəlif sarsaq oyunlardan çıxdı. Amma qız tərəfə baxanda gördü ki, o, evlərinə gedir. Tom kədərləndi, gedib hasara söykəndi. Qız artırmada bir dəqiqə ayaq saxlayıb qapıya sarı yönəldi. Tom dərindən köks ötürdü. Amma elə o saat da onun üzü güldü. Qız gözdən itməzdən əvvəl dönüb barının üstündən Toma bir çiçək atdı.
O, çiçəyə tərəf qaçıb, onu yerdən götürdü. Sonra özünü xəlvətə verdi ki, çiçəyi gödəkcəsinin altında gizlətsin.
– Axşam yeməyi zamanı Sidi daşqalaq etdiyinə görə Tom möhkəmcə danlandı. Bir azdan Polli xala mətbəxə getdi. Sid qənddanı götürüb öz qabağına qoymaq istədi. Amma əlində saxlaya bilmədi, qəndqabı yerə düşüb çilikləndi. Tom bərk sevindi. Qərara gəldi ki, özü bu haqda xalasına bir söz deməsin. Polli xala qənddanı kimin sındırdığını soruşanda məsələni açıb desin. Xalanın öz “sevimlisini” necə kötəkləyəcəyinə tamaşa eləməyin ayrı ləzzəti var idi! Amma Polli xala qayıdıb çiliklənmiş qəndqabını görəndə Tomun peysərinə bir şapalaq ilişdirdi. İkincini də vurmaq istəyəndə Tom qaraqışqırıq qopartdı:
– Dayanın, əlinizi saxlayın, axı məni niyə döyürsünüz? Qabı mən sındırmamışam ki! Sid sındırıb!
Polli xala bu gözlənilməz sözdən donub qaldı. Tom gözləyirdi ki, xalası indicə peşman olacaq, onun halına acıyacaq. Amma xala özünü ələ alıb dedi:
– Hə… Ancaq mən güman eləyirəm ki, sən bu şapalağı nahaq yerə almadın!
Sonra vicdanı ona əzab verdi, istədi uşağın könlünü alsın. Amma eləmədi, axı bu, tərbiyə qayda-qanununa zidd idi.
Tom mısmırığını sallayıb bir küncdə oturdu. O bilirdi ki, Polli xala hərəkətinə görə peşman olub. Bu hisdən Tom həzz alırdı. Amma özünü elə göstərirdi ki, guya heç bir şey hiss etmir. O, təsəvvürünə gətirdi ki, ölüm yatağındadır, Polli xala isə ondan bağışlanmasını xahiş eləyir. Amma Tom onu bağışlamayacaq. Üzünü divara tərəf çevirib öləcək, bircə kəlmə də söz deməyəcək. Onda, görəsən, Polli xalanın halı necə olacaq?
Tom bütün bu xəyallardan o qədər mütəəssir olmuşdu ki, göz yaşları içərisində boğulurdu. O, öz kədərindən böyük həzz alırdı. Hətta xalası qızı Merinin evə qayıtması da onu sevindirmədi. Tom yerindən qalxıb otaqdan çıxdı.
O, çay qırağına gəldi. Bayaqkı gözəl qızı xatırladı. Fikirləşdi ki, qız bütün bunlardan xəbər tutsaydı, görəsən, onun halına acıyardımı?
Axşam Tom Gözəl Qızın yaşadığı evə sarı gəldi. Evdən səs-səmir gəlmirdi. O, çiçəyi sinəsinə sıxıb pəncərənin altında yerə uzandı. Xəyal onu çox uzağa aparmışdı. Birdən pəncərə açıldı. Xidmətçi qadın Tomun üstünə şırıltı ilə bir vedrə su əndərdi.
Bizim qəhrəman az qaldı boğula, o, fınxıra-fınxıra tez yerindən sıçradı. Bir daş havada vıyıldadı. Şüşə çilik-çilik oldu. Balaca, toranlıqda güclə seçilən bir fiqur sıçrayıb barıdan aşdı və bir göz qırpımında yox oldu.
Lovğalığın axırı
Səhər ibadətindən sonra Tom Tövratdan şeir əzbərləməyə başladı. Tom bütün qüvvəsini topladı. Amma onun beynində dərsdən başqa, nə desən var idi.
Meri onu yoxladı. Amma Tom heç iki misranı da dalbadal deyə bilmədi. Meri dedi:
– Sən gərək dərsini başdan-ayağadək təzədən əzbərləyəsən. Yaxşı öyrənsən, sənə maraqlı bir şey bağışlayacağam. Hə, di ağıllı ol, başla!
Tom işə «möhkəmcə girişdi». Nəhayət ki, bir neçə şeir əzbərləyə bildi. Bunun əvəzində isə Meri ona ikiağızlı təzə cib bıçağı bağışladı. Tomun sevincinin həddi-hüdudu yox idi. Doğrudur, bıçağın ağzı heç bir şey kəsmirdi, amma bu, əsl bıçaq idi
Bazar günü məktəbinə getmək vaxtı idi. Merinin köməyilə Tom əl-üzünü yudu. Sonra Meri Tomun yalnız bazar günləri geydiyi, «o biri kostyum» adlanan təzə kostyumunu şkafdan çıxarıb gətirdi. Onun başına şlyapa qoydu, ayağına çəkmə geyindirdi.
İndi Tom yaraşıqlı görünürdü. Amma özünü çox narahat hiss eləyirdi.
Meri də bircə dəqiqənin içində geyindi. Uşaqların üçü də bazar günü məktəbinə yollandılar. Tom bu məktəbə ürəkdən nifrət eləyir, Meri ilə Sid isə onu sevirdi.
Bazar günü məktəbində saat doqquzdan on birin yarısınadək məşğələ keçirlər. Sonra isə ibadət başlanırdı.
Qapının ağzında Tom ayaq saxladı ki, özü kimi bayramsayağı geyinmiş bir dostu ilə danışsın:
– Bura bax, Billi, səndə sarı bilet var?
– Var.
– Ona nə verim?
– Nəyin var?
– Bir parça şirin biyan kötüyü, bir dənə də balıqçı qarmağı.
– Göstər.
Tom göstərdi. Dostu bəyəndi, onlar qiymətli əşyalarını dəyişdilər. Bundan sonra Tom iki sədəf daşı üç qırmızı biletə, sonra da müxtəlif dəyərsiz əşyalarını iki göy biletə dəyişdi. O, başqa uşaqlardan da müxtəlif rəngli biletlər aldı. Sonra kilsəyə girib yerində oturdu. Amma yerində sakit dura bilmədi. Gah ona sataşdı, gah buna. Müəllim də elə hey onu töhmətləndirdi.
Tomgilin sinfindəki uşaqların hamısı eyni xasiyyətli: nadinc, şuluq və sözəbaxmayan uşaqlar idi. Biri də tapşırılmış şeiri əzbər deyə bilmirdi. Hamısına kömək eləmək lazım gəlirdi. Bununla belə, onlar birtəhər şeiri axıra çatdırır və hər biri mükafat alırdı. Bu mükafatlar balaca göy biletlərdən ibarət olurdu. Tövratdan əzbərlənmiş iki şeirin əvəzində bir göy bilet verilirdi. Belə göy biletlərin on dənəsi bir qırmızı biletə bərabər idi. On qırmızı bilet isə bir sarı biletə bərabər idi. On sarı biletin əvəzinə məktəbin müdiri tələbələrə Tövrat bağışlayırdı. Meri iki il səbirlə çalışıb iki Tövrat almışdı.
Bu hədiyyənin verilməsi çox nadir və unudulmaz bir hadisə idi. Hamı uğur qazanmış şagirddən danışırdı. Bu da başqa uşaqların qəlbində şöhrətpərəstlik hissi oyadırdı. Ola bilsin ki, Tom da məhz bu şöhrətə can atırdı.
Müdir mister Uolters çox ciddi görünsə də, əslində çox namuslu və səmimi adam idi. O, dini nitqini bitirən kimi uşaqların arasında pıçapıç başladı.
Hakim Tetçer dörd nəfərin müşayiəti ilə içəri girmişdi. Onlardan biri əldən düşmüş bir qocaydı. O biriləri saçlarına dən düşmüş orta yaşlı bir cənab və yəqin ki, onun arvadı olan əzəmətli bir qadın idi. Qadın balaca bir qızın əlindən tutmuşdu.
Tom balaca yad qızı görən kimi kefi kökəldi, qəlbi sevincdən çırpındı.
Qonaqları yuxarı başda əyləşdirdilər. Onları bütün məktəbə təqdim elədilər. Orta yaşlı cənab çox mötəbər bir adam imiş. O, kim olsa yaxşıdır? Dairə hakimi, uşaqların ömürlərində görmədikləri ən yüksək mövqeli bir şəxs! Özü də buradakı hakimin qardaşı idi. Cef Tetçer dərhal irəli çıxdı. Bütün məktəbə acıq verə-verə böyük adamla yaxın tanış olduğunu hamıya göstərdi.
Mister Uolters də bərk canfəşanlıq eləyirdi. Kitabxanaçı özünü gözə soxmaq üçün qoltuğunda bir yığın kitab o tərəf bu tərəfə qaçırdı.
Mister Uoltersin tam səadəti üçün yalnız bircə şey çatışmırdı – Tövratı təqdim eləyib uşaqların biliyi ilə lovğalanmaq. Tələbələrin bəzilərində sarı biletlər var idi, ancaq heç kəsdə kifayət qədər deyildi.
Elə bu an Tom Soyer əlində doqquz sarı bilet, doqquz qırmızı bilet və on göy bilet irəli çıxdı. Özünə Tövrat tələb elədi. Bu, günəşli gündə ildırım çaxmasına bənzər bir şey idi. Mister Uolters Tom Soyerin ən azı yaxın on il ərzində Tövrat tələb eləyəcəyini qətiyyən gözləmirdi. Ancaq əlac yox idi – öz əli ilə qol çəkdiyi qəbzlər təqdim olunmuşdu. Tomu qonaqların əyləşdiyi yerə dəvət elədilər. Bu gözlənilməz xəbər kafedradan elan edildi. Oğlanlar paxıllıqdan yanıb töküldülər. Hamıdan da çox peşman olub əzab çəkən öz biletini Toma verənlər idi. Gec də olsa, anlamışdılar ki, bu fırıldaqçının belə yüksəlməsinə özləri kömək eləyiblər. Onlar bu hiyləgər fırıldaqçının tələsinə düşüb aldandıqları üçün özlərinə nifrət eləyirdilər.
Yazıq müdir hiss eləyirdi ki, burada nə isə bir sirr var və yəqin ki, bunun üstünü açmaq mümkün olmayacaq. Heç ağıla sığan şey deyil ki, bu uşaq iki min Tövrat şeirini beyninə yığa bilsin. Çünki Tom heç onca şeiri də yadda saxlaya bilmirdi; müdir də bunu bilirdi.
Emi Lourens həm qürurlanır, həm də sevinirdi. Amma Tom ona tərəf heç baxmırdı da. Görəsən, niyə? Emi fikrə getdi. Tomun ona məhəl qoymaması qızı çox kədərləndirirdi. Birdən onda tutqun bir şübhə oyandı. Qız diqqət yetirməyə başladı. Tomun ötəri bir baxışı ona çox şeyi başa saldı, elə o saatca da acığından və qısqanclıqdan az qaldı ağlaya. Dünyada hamıdan zəhləsi getdi. Hamıdan da çox Toma nifrət etdi. Hər halda ona elə gəlirdi.
Tomu hakimə təqdim elədilər. Ancaq uşağın dili tutuldu, ürəyi şiddətlə döyünməyə başladı. Bunun bir səbəbi hakimin çox zəhmli olmasıydı, ikinci və əsas səbəbi də o idi ki, bu kişi həmin qızın atası idi. Hakim Tomun başını sığalladı, adını soruşdu. Tom dili dolaşa-dolaşa dedi:
– Tomas Soyer… ser.
– Afərin! Qiyamət oğlansan. İki min şeir – bu çoxdur, lap çoxdur. Buna o qədər zəhmət sərf eləməyinə heç vaxt heyifsilənmə. Çünki bilik dünyada hər şeydən qiymətlidir. Bizi yaxşı və hətta dahi adam eləyən də bilikdir. İndi mənə öyrəndiyin şeirlərdən bir neçəsini əzbər deyərsənmi? Əlbəttə, deyərsən! Şübhəsiz ki, İsanın on iki şagirdinin adı sənə məlumdur. Bəlkə, sən bizə onlardan birinci çağırılan iki nəfərin adını deyəsən?
Tom düymələrini dartışdırır və utana-utana hakimin üzünə baxırdı. Sonra qıpqırmızı qızarıb gözlərini yerə dikdi. Mister Uoltersin ürəyi yerindən oynadı. Öz-özünə düşündü ki, bu uşaq ən sadə suala belə cavab verə bilmir. Bunu sorğu-suala tutmaq, görəsən, hakimin hardan ağlına gəlib. Ancaq o hiss elədi ki, bir söz deməlidir.
– Cənaba cavab ver, Tomas, qorxma.
Tom dinmirdi.
– Mən bilirəm ki, o, mənə deyəcəkdir, – deyə xanım sözə qarışdı. – Hə, Tomas, ilk iki şagirdin adı…
– David və Qoliaf3.
Bu səhnənin sonluğunu təsəvvür etməyi oxucunun öz öhdəsinə buraxırıq.
Бесплатный фрагмент закончился.