Читать книгу: «Qədim türklər», страница 7
VI fəsil
TÜRKYUTLAR ÖZ EVLƏRİNDƏ
Hərbi iş. Tarix səhnəsinə qədəm qoyarkən türkyutların yiyələndikləri ilk ixtisas dəmir filizi istehsalı idi. Onların şimala qaçan əfsanəvi əcdadı Aşina «jujanlar üçün dəmir çıxarırdı». 546-cı ildə Jujan xaqanı Anaxuan türkyutların başçısı haqqında belə deyirdi: «mənim dəmir əridici köləm». Bununla da türkyutların əsas məşğuliyyət sahəsi göstərilirdi.
Arxeoloji kəşfiyyat nəticəsində V—IX əsrlər türkyut metallurgiyası abidələri üzə çıxarılmışdır. Altayda dəmir filizi istehsalının izləri aşkar edilmişdir. Buradakı o qədər də dərin olmayan şurflar və şaxtalar da həmin dövrə aiddir. Dəmir bilavasitə filizdən emal olunurdu. Qızardılıb döyülən dəmirin keyfiyyəti hətta indi də domna sobasında əridilən dəmirin keyfiyyətindən üstün sayılır.
Altay dəmirçiləri yüksək keyfiyyətli dəmirdən birtiyəli bıçaqlar, yonucu baltalar, üzəngilər, cilovlar, düz, azca maili və geniş tiyəli qılınclar, ox və cida ucluqları, habelə iki cür – dəyirmi, asma qazanlar və üçayaq üstündə duran qazanlar hazırlayırdılar. Bu dövrdə metal çıxarılması və emalı işləri indiki Tuva ərazisində də aparılırdı. Burada yalnız dəmir deyil, qızıl, gümüş, mis, qalay da istehsal edilirdi.
Qırğız xanlığının nüvəsini təşkil edən Xakasiyada metal çox yerlərdə çıxarılırdı. Demək olar ki, bütün küknar meşələrində qədim dəmir əridilən yerlərin izinə rast gəlmək mümkündür. Altayda olduğu kimi burada da əmək alətləri və silahlar – qılınc, xəncər, habelə qoşqu ləvazimatı düzəldilirdi.
Türkyutların müasirlərinin – Anqara yaxınlığında yaşayan kurıkanların mədəniyyəti mühümdür. İlk dəfə, 1912—1914-cü illərdə aparılan qazıntılar nəticəsində bu mədəniyyətin yaradıcıları «kurumçu dəmirçilər» adını almışdılar, lakin A. P. Okladnikov həmin mədəniyyətin başqalarına yox, məhz kurıkanlara mənsub olduğunu inandırıcı şəkildə sübut etmişdi. Kurıkanların soyuq üsulla emal etdikləri dəmirin tərkibində 99,45 faiz metal vardı. Buna görə də həmin dəmir asan döyülürdü və çox möhkəm idi. Kurıkanlar bıçaq, ox və cida ucluqları düzəldir, partlamış qazanları dəmir yamaq qoyma üsulu ilə təmir edirdilər. Onlar eyni zamanda heyvandarlıqla, hətta süni suvarmanın tətbiq edildiyi əkinçiliklə də məşğul olurdular.
Təəssüf ki, ilkin orta əsr köçərilərinin dağ-mədən işləri hələlik sistemli tədqiq edilməyib, lakin malik olduğumuz faktlar bizi yalnız yazılı mənbələrin verdiyi belə bir məlumata inandıra bilir ki, türkyutlar dəmirin sənaye üsulu ilə istehsalını Mərkəzi Asiyada mənimsəyən ilk xalq kimi tarix səhnəsinə çıxıblar. Bunun da nəticəsində onlar Çin və Tibetə münasibətdə müstəqillik qazanmışdılar. Çünki o dövrə qədər köçərilər müharibə üçün son dərəcə zəruri olan dəmir məlumatını həmin ölkələrdən alırdılar və ona görə də asılı vəziyyətdə idilər. Dəmir köçərilərə əvvəllər də məlum idi, lakin yalnız türkyutlar onu birinci olaraq kütləvi istifadəyə cəlb etdilər. Zemarx dəmir satmaq təklifi ilə yaxınlaşan türkyutları gördükdə bərk təəccüblənmiş və bu işin onu azdırmaq üçün oyun olduğunu güman etmişdi: «çünki deyirlər ki, onlarda dəmir çox çətinliklə tapılır».
Metallurgiyanın inkişafı türkyut xanlarına öz ordularını yenidən silahlandırmağa və Çin mənbələrinin «fuli» (canavar mənasını verən «buri» sözündən götürülüb; türklər ulu əcdadları saydıqları dişi canavarın şərəfinə bu adı götürmüşdülər) adlandırdıqları seçmə, güclü zərbə qüvvəsinə malik zirehli süvari dəstələri yaratmağa imkan verdi. Onların silah cəbbəxanasında buynuz oxlar, zirehlər, cidalar, qılınclar və kordalar vardı. Xoşbəxtlikdən yazılı mənbələrin verdiyi çox cüzi məlumatı arxeoloji materialların köməyi ilə tamamlamaq mümkündür.
Ermitajda türkyut qvardiyaçılarını təsvir edən gil heykəlciklər saxlanmaqdadır. Onların tarixinin nisbətən sonrakı dövrlərə aid edilməsinə baxmayaraq (VII əsrin sonu, yaxud VIII əsrin əvvəlləri), burada təsvir olunan silahların VI əsrin sonlarından etibarən elə bir dəyişikliyə məruz qalmadığını düşünmək olar. Çünki həmin müddət ərzində mədəni ənənənin dəyişilməsi baş verməmişdi. Heykəlciklər Çin əyanının Turfan yaxınlığındakı (Tüyük məzar, Tüyük dərəsindəki sərdabə) dəfn yerindən tapılmışdır. Oxşar tapıntıları Turfan yaxınlığındakı Astara kəndində qazıntı aparan A. Steyndə aşkara çıxarmışdır. Atlılar və piyadalar eyni cür – at minməyə uyğunlaşdırılan paltar geyinmişlər. Bu da türkyutlar arasında piyadaların xüsusi qoşun növü kimi mövcud olmadığını göstərir. Döyüş paltarı baş geyimindən və zirehdən ibarət idi. Baş geyimi qazaxların müasir malaxayını xatırladır, metal lövhəciklərlə örtülüb, qəhvəyi- qırmızı rənglidir, çox güman ki, xəzdən haşiyəsi var. Döyüşçülər hündür, yaxalığı çənələrinə çatan xalatlar geyiniblər. Xalat aşağıdan onların baldırlarının yarısına qədər çatır və sağ tərəfdən düymələnir. Ona görə də sol ətək bir qədər yuxarıda qalır. Xalatın üstündən metal lövhəciklərdən düzəldilən zireh geyilmişdir, o, qəhvəyi-qırmızı rəngli köbə ilə haşiyələnmişdir. Zireh dizə çatır, beldən nazik kəmərlə bağlanır, qolları qısadır, dirsəkdən yuxarıdır. Çox güman ki, bu cür zirehi başdan geyinirmişlər. Bu zirehli paltar sarmatların katafraktına bənzəyir və ağır süvarilər üçün daha səciyyəvidir. Oxşar zirehdən son vaxtlara qədər Tibetdə istifadə olunurdu. Həm də dəmir lövhəciklər bir-biri ilə nazik qayış vasitəsi ilə bərkidilirdi. Güman ki, ilk vaxtlarda daha mükəmməl, yüngül və halqalardan ibarət zirehli köynəklərlə əvəz olunana qədər bu hərbi ləvazimat tipi geniş yayılmışdı. Döyüşçülərin əynində qara ləkəli sarı şalvarlar (çox güman ki, pələng dərisindəndir) var. Çəkmələri qara və yumşaqdır, ehtimal ki, keçədən düzəldilib, son vaxtlara qədər Tibetdə və Şərqi Türküstanda geyilən çəkmələrə bənzəyir. Döyüşçülərin qarderobunun Tibet geyimlərinə bənzəməsinə baxmayaraq bir sıra fərqlər də müşahidə olunur. Tibet üçün səciyyəvi olan paltarın kəmərdən aşağı buraxılmasına burada təsadüf edilmir.
Silah təsviri yalnız piyada döyüşçünün geyimindən nəzərə çarpır. Bu yalnız süvari döyüşünə yarayan uzun (qamış gövdəli) və yüngül nizədir.
Təsvirlərdən də göründüyü kimi, türkyutların atları hündürdür, nazik ayaqları, iri sağrıları var, boyunları qısa, başları isə iridir. Qırxılmış və daranmış yalları bu atlara çox yaxşı qulluq edildiyini göstərir. Onlarla monqol atları arasında heç bir yaxınlıq yoxdur, lakin türkyut atları Samanilər epoxasının, xüsusən də Xenan heykəlciyindəki atlara çox bənzəyirlər.
Təsvirlərdəki at ləvazimatına xüsusi diqqət yetirmək lazımdır. Qabaq tərəfdən nazik qaşı olan yastıqsız enli yəhər iki qara tərliyin üstünə qoyulub. Həm də aşağıdakı tərliyə ağ köbə vurulub. Yəhər açıq-sarı rəngdədir, çox güman ki, ağacdan düzəldilib. Onun dəyirmi üzəngiləri, quyruqaltısı, sinəbəndi və beş qayışı var. Müasir yəhərlərdən fərqli olaraq sinəbənddən, yəhərin qabağından atın bütün beli boyunca əlavə döş qayışı gedir. Çox güman ki, o, üzü eninə gedəndə atın hərəkətini yüngülləşdirmək üçün nəzərdə tutulub. Yəhər də bu məqsədə uyğunlaşdırılıb. Qoşqu ləvazimatı ağ, dairəvi lövhəciklərlə (onların gümüşdən düzəldildiyini də ehtimal etmək olar), habelə sinəbənddən, quyruqaltıdan və cilovdan asılmış ürəkşəkilli tünd-qırmızı, yaxud çəhrayı rəngli salxımcıqlarla bəzədilib. Atlar çox sərbəst dayanıblar. Bu da onların yaxşı öyrədildiyini göstərir. Qısa vurulmuş yalları da atların yaxşı təlim keçdiyinə dəlalət edir. Belə atları çox sevir və çətin məqamda onların köməyinə arxalanırlar. Süvarilər yəhərdə bir qədər sola meylli (kazakvari) oturublar. Bu da onların ömürlərinin çoxunu yəhərdə keçirdiklərini göstərir. Köçərilərin üzəngiləri indikilərdən fərqli olaraq çox aşağı buraxılıb. Analogiyaların olmaması belə bir güman üçün əsas verir ki, üzəngilərin bu vəziyyəti müəyyən təcrübə ilə bağlıdır; yuxarıda dayanan üzəngi ox atmaq və erkən tullamaq üçün sərfəlidir, çünki ağırlığı dizlərinə salan döyüşçü diz əzələlərinin vasitəsi ilə silkələnmənin qarşısını alır, aşağı salınmış üzəngi isə ona qılınc çalmaq və uzun nizə ilə hücuma keçmək üçün ayaq üstündə mahmızlara dayaqlanaraq ayaq üstündə durmağa imkan verirdi. Qayışların çoxluğu süvarilərin uzaq məsafə qət etməyə də hazır olduqlarını göstərir, başqa sözlə desək, onlar qarnizon şəraitində yaşayan döyüşçülər yox, səhra qoşunlarının əsgərləridir.
Beləliklə, türkyut qvardiyası yalnız sələfləri kimi çöl şəraitində deyil, həm də dağlarda hərbi əməliyyatlar aparmağa uyğunlaşdırılmış nizami süvari hissələrindən ibarət idi. Şübhəsiz, çölçü – uyğurlar onlarla heç cür bacara bilməzdilər. Bu sonuncular haqqında çinlilər gizlədilməyən nifrətlə yazırlar: «Döyüşlərdə sıraya düzülmürlər, əsas dəstədən ayrılaraq hücuma keçirlər. Qəflətən həmlə edirlər, qəflətən geri çəkilirlər, daimi ardıcıllıqla döyüşə bilmirlər». Türkyut zirehliləri həm çinlilərin piyada nizəçiləri, həm də iranlıların süvari oxatanları üçün eyni dərəcədə ləyaqətli rəqib idilər. Lakin bu barədə bir qədər sonra danışacağıq.
Turfan heykəlciklərindən başqa türkyut döyüşçülərinin qayaüstü təsvirlərinə Sulekdə (yuxarı Yenisey) təsadüf olunur. Səciyyəvi əyrisinə görə süvarinin buynuzdan düzəldilmiş kamanla silahlandığını müəyyənləşdirmək olar. Başqa bir təsvir daha maraqlıdır: «…boğazından tutmuş budlarına qədər lövhəcikli zireh geymiş, qolunun yarısına çatan əlcək taxmış, sinəsində xırda, dəyirmi qalxan olan, qurşağına qılınc və oxdan bağlanmış, sağ əlində döyüş daşı tutmuş ağır silahlı atlı xırda bayraqla bəzədilmiş cidanı dizi üstə çöküb ox atan döyüşçüyə – Sayan meşə sakininə – dağlıya tullayır». Lakin zirehli süvarilərdən başqa türkyutlarda yüngül silahlanmış süvari atıcılar da vardı. Belələri bir qayda olaraq itaət altına alınmış xalqlar arasından seçilirdi. 1939-cu ildə Kopenı kəndi yaxınlığında aparılan qazıntılar zamanı S.V. Kiselev belə döyüşçünün bürünc lövhəcik üzərində çəkilmiş təsvirini aşkara çıxarmışdır. Onun uzun saçları küləkdə yellənir. Atlının başında papaq yoxdur. Saçını arxadan düyünlənmiş sarğı saxlayır. Orta uzunluqlu kaftanı beldən kəmərlə bağlanıb. Çəkmələri dabansız və yumşaqdır. Sağ böyründən aşağıya tərəf enliləşən ox qabı asılıb. Oxların ucluqları M şəkillidir. At çöl cinsindəndir, enli sinəlidir, yalı qısa vurulub, quyruğu isə hörülüb. Onun belində tam yəhər ləvazimatı var – yəhərin qabaq qaşı alçaqdır, yəhərin altından saçaqlı çul salınıb. Quyruqaltı və sinəbənd qayışlarından salxımcıqlar asılıb, üzəngilər enli və qövsşəkillidir, yüyən və cilov toxunmadır. Yəhərin arxasından hər iki tərəfə qayışlar sallanır. Lövhəciyin dəqiq tarixi VII əsrdir.
Beləliklə, arxeoloji material yazılı mənbələrdəki boşluğu doldurur. Türkyutlarda zirehli süvarilərin mövcudluğu onların sürətli qələbələrinin səbəbini aydınlaşdırır. Türkyutlara qədərki dövrdə döyüşlərin taleyini süvari oxçular həll edirdilər. Zirehlilərin meydana çıxması onların lüzumunu heçə endirir. Yüngül silahlanmış düşmənlə əlbəyaxa döyüşdə türkyut süvariləri tam üstünlüyə malik idilər. Süvari sıralarını da ilk dəfə türkyutların yaratdığını xüsusi qeyd etmək lazımdır. Çöl müharibəsində misli-bərabəri olmayan türkyut ordusu mühasirələr üçün demək olar ki, yaramırdı; çünki atdan enən zirehli əsgərin döyüş qabiliyyəti qat-qat azalırdı. Şəhər divarları türkyut dövlətinin genişlənməsinin qarşısında səddə çevrildi, Çinin və İranın müstəqilliyinin qorunub saxlanmasına kömək etdi. Lakin çöl şəraitində uzun müddət türkyut süvarilərinin qarşısına çıxan qüvvə yox idi.
Dinc məşğuliyyətlər. Türkyutların əsas məşğuliyyəti (hərbi işdən sonra) köçəri heyvandarlıq idi, iri, otyeyən heyvanların ovlanması da onların başlıca peşələrindən sayıla bilərdi. Həmin dövrdə belə çoxsaylı heyvan sürüləri böyük çöldə sərbəst otlayırdılar. İndi Qobi Altayı demək olar ki, qeyri-məskun yarımdüzənliklərdir, həmin dövrdə isə burada çoxlu vəhşi heyvan vardı və onları ovlamaqda az qala bütün tayfa iştirak edirdi. Pusqu xarakterli ov ovçulardan və heyvanları qovub gətirən adamlardan xüsusi səriştə və məharət tələb edir. Türkyutlar üçün bu işlə məşğul olmaq hər cəhətdən sərfəli idi. Çünki ov özünəməxsus hərbi manevrə, hərbi şücaətə hazırlıq mərhələsinə çevrilirdi. Dövrələmə çoxlu ət əldə etməyə imkan verirdi. Ət türkyutların başlıca qidası idi. Hətta müharibə vaxtı da onlar tükənən ehtiyatların yerini doldurmaq üçün ova çıxırdılar.
Vəhşi heyvanların və ev heyvanlarının dərisi paltara və çadır örtüyünə sərf olunurdu. Bununla bir sırada türkyutlar keçə və yun parçalar hazırlamağı da bacarırdılar.
Türkyutlarda heyvandarlığın ən geniş yayılan növü qoyunçuluq idi; türkyut qəbirlərinin qazıntısı zamanı oradan çoxlu qoyun sümükləri tapılır. Onlarda atçılıq da kifayət qədər geniş yayılmışdı, kumıs türkyutlar üçün şərabı əvəz edirdi. Hissələrə bölünmüş ərazi şəraitində köçəri heyvandarlıqda böyük sürülər saxlanması ciddi çətinliklər törədirdi, ona görə də köçərilər adətən heyvanlarını otlaqlara ayrıca aparır, hər ailənin məxsus qışlaq və yaylaq yerləri olurdu. VI—VIII əsrlərdə də eyni vəziyyət davam edirdi. Bunu ilkin mənbədən gətirilən aşağıdakı qısa, lakin son dərəcə konkret mətndən də görmək mümkündür: «Daimi qalmaq üçün yer yoxdur, lakin hərənin öz torpaq sahəsi var».
Belə aul təsərrüfatı sistemində hər qoşa ailə müstəqil iqtisadi vahiddir.51 Bundan başqa kuren sistemi də mövcud idi; kurenlərdə bütöv ailə qrupu bir yerdə köç edir və gecələr düşərgələrini arabalar və keşikçi dəstələri ilə qoruyurdular. Əsrlər boyu bu sistemlər bir-birini əvəz etmişdi; onlar qətiyyən tayfa quruluşunun inkişafı, yaxud tənəzzülü ilə bağlı deyildi. «Çjoşou»da gətirilən faktlar «Tanşu»dakı analoji məlumatlarla tamamlanır. Burada oxuyuruq ki, 641-ci ildə türkyutlar Alaşana keçəndə bu yerlərdə «geniş örüşlər və ən yaxşı torpaqlar vardı, ona görə də türkyutlar həmin yerləri öz aralarında mübahisə ilə bölürdülər». Mənim 1948-ci ildə Altayda apardığım arxeoloji qazıntılar da göstərdi ki, türkyut abidələri ayrı-ayrı talalarda və çay vadilərində elə qruplaşıblar ki, bu torpaqdan istifadənin aul sistemindən başqa hər hansı bir formasını tam istisna edir. B.Y.Vladimirtsev göstərir ki, kuren sistemi təhlükəsizliyin təmin olunması məqsədini güdürdü. Buradan da aydın görünür ki, aul sistemi çöldə möhkəm və güclü hakimiyyətin mövcud olduğu, hər cür soyğunçuluğun, tayfalararası ədavətin qarşısının alındığı şəraitdə mümkün idi. Türkyut xanları da əslində belə bir hakimiyyət yarada bilmişdilər. Bu mənada aul köçündə və torpaqdan fərqi istifadədə qeyri-mümkün heç bir şey yoxdur.
Bizim dövrdə də ailələrin köçü müvafiq ərazilərlə qəti məhdudlaşdırılıb. Məsələn, Tyan-Şandakı hər dağ vadisi müəyyən ailəyə mənsubdur və həmin ailənin başçısı istənilən gəlməyə onun «vadisindən» keçib dağlara qalxmağa icazə verməyə bilər. Torpaqdan istifadənin bu sistemi köçəri maldarlığın təbiətindən irəli gəlir; örüş və otlaqların məhdudluğu, ən başlıcası isə suyun çatışmaması köçəriləri və sürülərini bölməyə məcbur edirdi. Nəticədə köçəri həyat keçirən ailələr də bölünməli olurdular. Otlaqların bölünməsi və onların sərhədlərinə ciddi nəzarət köçərilərin örüş, suvat və ov yerləri üçün qaldırdıqları amansız qardaş qırğınının qarşısını almaqdan ötrü yeganə vasitə idi. Lakin aydındır ki, torpaqdan istifadənin bu üsulunun xüsusi mülkiyyətə heç bir dəxli yoxdur. Çünki həmin torpaq sahələri alınıb-satılmırdı.
Yaşayış məskənləri. Tarixçi başqa xalqın mədəniyyətində özü üçün əhəmiyyətli görünən cəhətlər axtarmaq, onlar tapılmadıqda isə bu xalqı primitiv saymaq kimi olduqca təhlükəli metodoloji yayıntılardan qaçmalıdır. Məsələn, Avropa və Ön Asiyanın xalqları sivilizasiya mərhələsinə keçərkən arxitekturası təəccüb və heyrət doğuran şəhərlər tikmişdilər. Türkyutlar ev tikmir, bağ salmırdılar, çünki yaxınlıqdakı meşənin axırıncı ağacları yandırılan kimi soyuq iqlim onları həmin şəhərdən getməyə məcbur edirdi. Digər tərəfdən, daş evin, yaxud gil daxmanın isti, yüngül, daşınması heç bir çətinlik törətməyən keçə çadırla müqayisədə yaşayış məskəninin ən yüksək forması olduğu sübuta yetirilməmişdir. Təbiətlə sıx təmasda olan köçərilər üçün belə çadırlarda yaşamaq əyləncə yox, zərurət idi. Yayda çölün otları yanıb külə dönürdü. Mal-qara Tyan-Şanın, Altayın, Xanqayın, Xenteyin ətəklərindəki yaylaqda, Alp çəmənliklərində otlamalı idi. Qışda dağ ətəklərinə çoxlu qar düşdüyündən mal-qara qar örtüyünün nazik olduğu və yem tapmağın çətinlik törətmədiyi düzənliklərə qayıdırdı.
Bu cür həyat şəraitində səyyar yaşayış məskənləri daha sərfəli idi.
Çin şairi orta həyat səviyyəli köçərinin yaşadığı adi bir yurtu təsvir etmişdir. Xan yurtu isə hətta Vlaxeri sarayının dəbdəbəli salonlarını görmüş Menandr Protektoru – Bizans imperatorunun əsilzadəsini də heyrətləndirmişdi. O, içərisində qızıl taxt-tac olan çadırın təsvirini vermişdir – bu çadır o qədər yüngül imiş ki, onu bir at da apara bilərmiş. İkinci çadır içəridən başdan-başa ipək parçalarla örtülübmüş, üçüncü çadırda isə qızıl suyuna çəkilmiş sütunlar və xanın taxtını öz üzərində saxlayan qızıl tovuzquşu fiqurları varmış. Bütün bu zəngin zinət şeyləri müasir dövrə gəlib çata bilməzdi – ağac və xəz çürümüş, qızıl və gümüş təzədən əridilmiş, silah isə paslanıb dəmir tozuna çevrilmişdi. Lakin yazılı mənbələr əsrlər arxasından türkyutların qədim mədəniyyəti haqqında məlumat gətirmişdir. Bu mənbələr azsaylı arxitektura tapıntılarından daha qiymətlidir.
Qadınların vəziyyəti. Ayrıca ailənin çoban təsərrüfatı bir qayda olaraq patriarxal münasibətlərə əsaslanırdı. Çox güman ki, bu mənada türkyutlar da istisna təşkil etmirdilər. Elçilik təşəbbüsü kişilərin əlində idi və onlar «atanın, böyük qardaşların, əminin ölümündən sonra ögey analara, qardaş arvadlarına və əmi arvadlarına evlənirdilər». Bu məlumat faktlarla təsdiq edilir: məsələn, Nili xanın ölümündən sonra onun qardaşı Noşin-tigin taxt-tacla birlikdə mərhumun arvadına Çin məlakəsi Syan-şiyə də sahib olmuşdu. Arvadların irsən keçməsi köçərilərdə ikili məna daşıyırdı. Əvvəla, evə, daha dəqiq desək, yurta ikinci işçi gəlirdi. Türkyutların həyat şəraitində bu çox vacib amil idi. İkinci tərəfdən, adət-ənənə dul qadınların hüquqlarını qorumağı tələb edirdi, başqa sözlə desək, yeni ər onun qayğısına qalmalı və öz arvadı kimi qorumalı idi. Ola bilsin ki, nikah həmişə faktiki xarakter daşımırdı, lakin bununla belə dul qadın hamı tərəfindən tərk edilərək taleyin ümidinə buraxılmırdı.
Qadına münasibət nəzərə çarpacaq dərəcədə ehtiramlı, cəngavər səciyyəli idi. Yurta daxil olan oğul əvvəlcə anasına, yalnız bundan sonra atasına təzim edirdi. Orxon kitabələrində Kültiginin qadın qohumlarının ölüm təhlükəsi qarşısında qaldığı Ordanı necə müdafiə etməsi böyük pafosla təsvir olunur. Qadınların hüquqsuz vəziyyətdə olduqları xalqlarda – məsələn, Hindiquşdakı patanlarda düşmənlər onlara əl qaldırmırdılar.
Qadınların irsən bir kişidən başqasına keçməsi və kitabələrin mətni türkyutlar arasında poliqamiyanın mövcudluğunu ehtimal etməyə əsas verir. Lakin bu amil də türkyut qadınını hüquqsuz məxluqa çevirmirdi. Hətta qadının vəziyyətində nisbi asılılıq olsa da, onun ərinə təsiri kifayət qədər güclü idi. Bu cəhətə diqqəti cəlb edən Təbərinin yazdığı kimi, «türklərdə qadının vasitəsi ilə hər şeyə nail olmaq mümkündür». Ana tərəfin əsil-kök məsələsinə xüsusi əhəmiyyət verilirdi. Məsələn, şahzadə Toreminin taxt-tacdan uzaqlaşdırılmasının əsas motivi onun anasının «aşağı mənşəli» olması idi. Əlbəttə, bu yalnız bəhanə idi, siyasi əleyhdarlarının əl atdıqları hiylə idi, lakin arqumentasiya özü maraq doğurur. Türkyutlar arasında ümumən çox ciddi və sərt olan qanun qadının hüquqlarını qoruyurdu; ərli qadını zorlayanlar ölüm cəzasına məhkum edilirdi, qızı yoldan çıxaran adam isə mütləq ona evlənməli idi. Maraqlıdır ki, zorlama ən ağır cinayətlərlə – üsyan, xəyanət, qətl, çidarlı atın oğurlanması (çöl şəraitində bu cür oğurluq əslində atın ölümü ilə nəticələnirdi) ilə bir sıraya qoyulurdu. Adi oğurluq zərərdidənin xeyrinə on qat cərimə ilə cəzalandırılır, dava-dalaş zamanı bədənə xəsarət yetirənlər isə faiz ödəyirdilər.
Nəhayət, olduqca maraqlı bir adəti də qeyd etmək lazımdır. Həmin adət haqqında məlumat yalnız onun Tan epoxasında Çanyandakı musiqi məktəbinin tələbə qızları tərəfindən əxz olunması nəticəsində bizə çatmışdır. Zövqləri bir- birinə uyğun gələn qızlar öz aralarında təntənəli surətdə qardaşlıq müqaviləsi bağlayırdılar. Bu ittifaqa daxil olanların sayı 14—15 nəfərə çatır, lakin heç vaxt 8—9 nəfərdən az olmurdu. Həmin qızlar bir-birilərini qardaş adlandırırdılar və cavan oğlan onlardan hər hansı birinə evlənsə, dərhal həmin oğlan qadın adı ilə çağrılır və bütün rəfiqələr onun yanına «gəlinin dadına» baxmağa – yəni kişi ilə yatmağa gedirdilər. Cavan qadın ərini öz «qardaşlarına» qısqanmırdı, lakin digər qadın «qardaşlıqlarının» üzvləri ilə bu cür intim əlaqələr yolverilməz idi.
Mən bu tədqiqat əsərində türkyutlar arasında məcmu nikahın mənşəyi məsələsini araşdırmağı qarşıma məqsəd qoymamışam. Lakin onun mövcudluğu VI—VIII əsrlərdə türkyut cəmiyyətində qadının məzlum vəziyyəti ehtimalını tamamilə istisna edir52. Məncə, köçəri dünyasında qadının hüquqlarının məhdudlaşdırılması sonrakı dövrlərin məhsuldar və ehtimal ki, monqol istilasından sonra bütün Orta Asiyanı bürümüş ümumi böhranla bağlıdır.