promo_banner

Реклама

Читайте только на ЛитРес

Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.

Читать книгу: «Seçilmiş əsərləri», страница 10

Шрифт:

– Köpək oğlu, arvad almağın bəs deyil, hələ götürüb mənə kağız yazıb acıq da verirsən?!

Arvadın yanındakı kişi də Kərbəlayı Məmmədəlinin üstünə hücum elədi. Arvad əlindəki daşın birini atdı Kərbəlayı Məmmədəliyə. Daş gedib dəydi toyuqların birinə. Kişi əlindəki ağacı tulladı Kərbəlayı Məmmədəliyə. Ağac gedib dəydi divara. Kərbəlayı Məmmədəli həyətin alçaq divarından aşıb düşdü o biri həyətə və qaçdı.

Pərinisə evin içində başladı “havar”, “havar” deyib bağırmağa. Həyətdə arvad və kişi Kərbəlayı Məmmədəlini o cür söyürdülər, necə ki, küçədə on yeddi-on səkkiz yaşında müsəlman uşaqları aşıq oynayanda bir-biri ilə söyüşürlər.

Kərbəlayı Məmmədəlini qovlayan arvad onun “Ərəblər”dəki arvadı idi; həmin kişi də arvadın qardaşı idi.

Dəxi bilmirəm mərəkənin axırı hara çatdı.

23 noyabr 1906, Tiflis

DƏLLƏK

Sadıq kişinin on yaşında oğlu Məmmədvəlinin gözləri ağrıyırdı. Bir gün uşaq anasına dedi:

– Axı, Kərbəlayı Qasımın oğlu Əhmədin də gözləri ağrıyırdı. Dünən Əhmədnən arxın kənarında oynuyurduq. Əhməd burun qanadan otnan burnunu qanatdı. Elə burnundan bir az qan axan kimi, Əhmədin gözləri yaxşı oldu.

– Bala, get sən də burnunu qanat! – anası Məmmədvəliyə dedi.

Məmmədvəli getdi, otların içindən haman tikanlı otu tapdı, sol əli ilə otu soxdu burnunun deşiklərinə, sağ əli ilə yumruğunu düyüb vurdu sol əlinin altından və Məmmədvəlinin burnundan qan başladı axmağa.

Yarım saat qədərincə qan axdı. Məmmədvəli barmaqları ilə burnunun deşiklərini tutdu ki, bəlkə qan kəsilə, amma qan kəsilmək bilmədi. Axırı anasını çağırdı. Anası dəxi qanın kəsilməyinə bir çarə tapmadı. Bu heyndə Sadıq kişi əlində ət səbəti bazardan evə ət gətirdi. Övrət üzünü tutdu Sadıq kişiyə:

– A kişi, gəl gör, Məmmədvəlinin burnunun qanına nə çarə eliyirik – kəsilmir; gəl bəlkə sən bir çarə tapasan.

Sadıq kişi oğlunun yanına yetişib, sağ əlinin barmaqları ilə yapışdı Məmmədvəlinin burnunun ucundan və qoymadı qan axsın. Amma qan burnunun içində şişib, genə yol tapıb başladı axmağa.

– A kişi, qaç bazara-övrəti başladı uca səslə Sadıq kişiyə deməyə. – Qaç tez Usta Hüseynin yanına. Onun həkimlikdə səriştəsi çoxdu. Tez qaç Usta Hüseynə de. Yoxsa uşağı qan aparar, evin yıxılar. Tez durma qaç və tez xəbər gətir.

Sadıq kişi əllərinin qanını arxda yuyub, üz qoydu həyətdən çıxmağa. Sadıq kişi o vaxt Usta Hüseynin dükanına yetişdi ki, usta bir müştərinin başını qırxıb qurtarıb, qanatdığı yerlərə pambıq düzürdü.

Sadıq kişi dükanın qabağında durub salam verdi. Usta Hüseyn kişini görcək onu müştəri hesab etdi və qoltuq cibindən aynanı çıxardıb tutdu Sadıq kişinin qabağına. Sadıq kişi aynanı alıb və gözlərini yumub bir salavat zikr etdi və aynanı əvvəl sağ çiyninin, sonra sol çiyninin qabağına aparıb tutdu üzünün müqabilində və gözlərini açıb sol əli ilə başladı qırmızı saqqalını tumarlamağa və bir dəfə də salavat çevirib, aynanı qaytardı Usta Hüseynə və dedi:

– Ay Usta Hüseyn, bizim Məmmədvəlinin burnu qanıyıb. Nə əlac edirik qan kəsilmək bilmir. Arvad məni yalvara-yalvara sənin yanına göndərib, bəlkə sən bir çarə tapasan.

Usta Hüseyn Sadıq kişidən aynanı alıb əvvəl ona təklif etdi ki, girsin dükana və otursun səkinin üstündə. Sadıq kişi dükana girib oturandan sonra, Usta Hüseyn onun yavığına yeriyib sağ əlini uzatdı və Sadıq kişinin börkünü götürüb qovzadı yuxarı. Sadıq kişi altdan-yuxarı baxırdı Usta Hüseynin üzünə. Usta başını bulaya-bulaya dedi:

– Ax, ax, vay, vay! Yazığım gəlir gününə, ay Sadıq kişi! Bilmirəm sənin axırın nə günə qalacaq! Ay kişi, ya adını erməni qoy, xalq bilsin ki, sən müsəlman deyilsən, yoxsa əgər müsəlman olmaq istəyirsən, qardaş, bu müsəlmançılıq deyil ki, sən eliyirsən. Kişi, utanmırsan başuvun tükünü bu qədər uzadıb qırxdırmırsan? Hələ xəcalət çəkməyib deyirsən ki, Məmmədvəlinin burnunun qanı kəsilmir? O Allahın qəzəbidir ki, səni tutub. Yoxsa harda görsənən şeydir ki, burnunun qanı kəsilməyə? Sənin tək müsəlmanlar bundan da artıq bəlaya giriftar olacaqlar!

Bu sözləri deyə-deyə Usta Hüseyn balaca mis qaba soyuq su töküb, Sadıq kişinin başını hər iki əlləri ilə ovurdu ki, tükləri yumşalsın. Sadıq kişi dinməz-söyləməz oturub başını əymişdi aşağı. Usta Hüseyn əllərini ətəklərinə silib götürdü ülgücü və başladı daşın üstə çəkib itiləməyə və sonra bir neçə dəfə də qayışa çəkib, Sadıq kişinin başını qırxmağa məşğul oldu və Sadıq kişiyə belə moizə elədi:

– Sadıq əmi! Müsəlmançılığın şərtləri çox ağırdır. Az bir adam bu şərtlərin hamısını əmələ gətirə bilər. Məsələn, başı tüklü saxlamaq heç bilirsən ki, necə böyük günahların biridir? Əvvəla budur ki, başını vaxtından-vaxtına qırxdırmıyanın evində heç xeyir-bərəkət olmaz. İkinci budur ki, insana növbənöv bədbəxtliklər üz verər. Mən nəyə deyirsən and içim ki, oğluvun qanının kəsilməməyi məhz tənbehdir ki, xudavəndi-aləm bu günahların qabağında sənə göndərib. Məndən sənə vəsiyyət: bir də belə qələtləri eləmə; yazıqsan, fağırsan. Yoxsa bir özgə cür bədbəxtlik üz verər, dəxi sonra peşmanlıq bir yerə çatmaz.

Usta Hüseyn, Sadıq kişinin başını qırxıb qurtardı. Sadıq kişi börkünü qoydu başına, iki qəpik çıxarıb uzatdı Usta Hüseynə və dedi:

– Usta, Allah atana rəhmət eləsin.

Və Usta Hüseyn pulu alıb cavab verdi:

– Allah sənin də atana rəhmət eləsin.

Sadıq kişi üz qoydu evinə getməyə.

Həyətə girib Sadıq kişi gördü ki, oğlunun qanı çoxdan kəsilib. Məmmədvəli bir uzun ağacdan at qayırıb minmişdi, həyəti o tərəfə çapırdı, bu tərəfə çapırdı və hərdənbir at kimi kişnəyirdi.

PİRVERDİNİN XORUZU

Qasım əminin övrəti Həlimə xala çörək yapırdı.

Hər dəfə çörək pişirən vaxt Həlimə xala iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və gahdan bir Təzəkənddən bacısı Zibeydəyə də xəbər verərdi ki, gəlib ona kömək eləsin.

Bu dəfə on put unun çörəyi gərək yapılaydı və Zibeydənin mədədə gəlməyi, əlbəttə, lazım oldu. Həlimə xala üzünü ərinə tutub dedi:

– A kişi, durma, min ulağı, get Zibeydəni gəti.

Məlumdu ki, çörək pişən günlər uşaqlar və itlər üçün bayramdır. İtlər üçün səbəbi vazehdir, o ki qaldı uşaqlar, onların da məktəbə gedənləri iki-üç gün evdə qalıb guya uşaq saxlayırlar. Qız uşaqları da mədədçi övrətlərin uşaqları ilə “qəcəmə daş”, “beşdaş” oynayırlar.

Qasım əmi dəsmalının içinə bir neçə çörək qoyub bağladı belinə və istəyirdi ulağı minə, on üç yaşında oğlu Pirverdi yapışdı eşşəyin quyruğundan və dedi:

– Vallah, dədə qoymayacağam gedəsən!

Qasım əmi oğlunun üzünə baxmayıb ulağı mindi və çünki gördü ki, ulağ tərpəşmir, üzünü oğluna tərəf çöndərib soruşdu:

– Bala, niyə qoymursan gedəm?

Pirverdi cavab verdi:

– Həyə Zibeydə xalama desən ki, mənə bir xoruz gətirsin, onda qoyaram; yoxsa, vallah, qoymaram.

Qasım əmi “yaxşı” – deyib, hər iki ayaqları ilə ulağın qarnından dürtmələdi ki, yola düşsün, amma heyvan yerindən hərəkət etmədi; çünki Pirverdi bərk-bərk yapışmışdı ulağın quyruğundan. Qasım əmi üzünü oğluna tərəf çöndərib and içdi:

– Oğlum, canın üçün xalava deyərəm sənə bir yaxşı çarxı xoruz gətirsin. Di izn ver gedim.

Pirverdi quyruğu əlindən ötürdü.

İki saat yol gedib Qasım əmi yetişdi Təzəkəndə və istəyirdi bacanağı Kərbəlayı Məhəmmədin evinə yavıqlaşa, köhnə dostu Təzəkəndin prixod mollası Axund Molla Cəfərə rast gəldi və ulaqdan yendi. Molla ilə görüşüb və kəndə nədən ötrü gəlməyini deyib, Qasım əmi istədi ulağı sürə, amma Molla Cəfər əlindəki çilingi ilə ulağın başını öz evinə tərəf qaytarıb, yapışdı Qasım kişinin yaxasından ki, gərək bizə gedib, mənə qonaq olasan.

Vaqeən Qasım əmi çox ədəbli və söz eşidəndi; dostunun təklifini qəbul edib üz qoydu Molla Cəfərin evinə.

Molla Cəfər Qasım əmini evinə aparıb qayğanağa qonaq elədi. Çörək ortalıqdan götürüləndən sonra molla, qonağa bu sözləri başladı deməyə:

– Qasım əmoğlu, mən sənin işlərinə lap məəttələm. Kişi, havanın belə şiddətli istisində arvadın sözünə baxıb dörd ağac yolu gəlibsən ki, nə var-nə yox – övrətim çörək yapır. Gərək düşəsən bu kənd mənim o kənd sənin, arvadın nə qədər qohum-qardaşı, cicisi, bacısı, xalası, bibisi, nəticəsi var – hamısını daşıyıb tökəsən Danabaş kəndinə? Kişi, sən şeytan fələsisən məgər?

Qasım əmi başını aşağı əyib, barmaqları ilə xalçanın iplərini o tərəfə-bu tərəfə tumarlaya-tumarlaya Molla Cəfərə belə cavab verdi:

– Axund Molla Cəfər, yaxşı fərmayiş buyurursan; ancaq, vallah, arvadın öhdəsindən gələ bilmirəm. Deyirəm axı, üzdəniraq, nə bilim nəyin qızı, on put unun xəmirini çörək yapmaq nə elə bir çətin işdi ki, gərək bacın da köməyə gələ? Elə ha deyirəm, başa gəlmir. Deyirəm canın çıxsın, bir gün də artıq işlə; daha neynim, sözümə baxmır.

– Ax, vay gününə Qasım əmoğlu, – Molla Cəfər deyir.

Bir qədər keçəndən sonra Molla Cəfər dik qalxıb dizləri üstə, sağ əlini uzatdı Qasım əmiyə və uca səslə dedi:

– Qasım əmoğlu, əlini mənə ver.

Qasım əmi başını mollaya tərəf qalxızdı və bir şey başa düşmədi.

– Qasım əmoğlu, əlini ver mənə.

Qasım əmi yavaşca, guya qorxa-qorxa əlini uzatdı Molla Cəfərə.

– Qasım əmoğlu, qoy səni evləndirim.

Qasım əmi ancaq başını buladı, amma bir söz demədi.

– Qasım əmoğlu, qoy Pərinisəni sənə siğə eliyim. Heç başını tovlama. Deyirsən arvadın öhdəsindən gələ bilmirəm. Bax, arvadın öhdəsindən belə gələrlər. Vallah, Pərinisəni alacağam sənə. Hərçənd yaşı bir az artıqdı, amma topuqları şam tirindən yoğundur.

Əvvəl Qasım əmi bir qədər çəm-xəm elədi; amma axırda razı oldu. Molla Cəfər balaca qızını göndərdi Pərinisəni gətirtdi, siğəni oxudu və qərar qoydu ki, elə bu gün Qasım əmi təzə övrətini mindirsin haman ulağa və aparsın evinə. Qasım əmi genə bir az çəm-xəm eləyəndən sonra, buna da razı oldu.

Qasım əmi ulağı minib və Pərinisəni tərkinə alıb düzəldi yola və şam vaxtı yavıqlaşdı kəndinə. Oğlu Pirverdi kəndin kənarında durub gözünü dikmişdi yola və gözləyirdi ki, xalası ona çarxı xoruz gətirəcək. Uzaqdan atasını görüb sevincək qaçdı və Qasım əminin tərkindəki övrəti, xalası Zibeydə hesab edib, atıla-atıla qaçdı övrətin yanına və çarşovunun ucundan yapışıb dedi:

– Zibeydə xala, mənə xoruz gətirdin?

Pərinisə təəccüblə üzünü çöndərdi oğlana tərəf. Pirverdi xalası əvəzinə yad övrəti görüb gözlərini bərəltdi və bir qədər övrətə mat-mat baxandan sonra zırınpanı başlayıb özünü çırpdı yerə…

Az qalmışdı ki, həmin hekayəni tamam edəm, yoldaşım Mozalan gəlib dedi ki, dur ayağa gedək Qasım əminin övrətlərinin dava-mərəkəsinə tamaşa edək. Bu səbəbdən nağılımı tamam edə bilməyib burada qaldım.

FATMA XALA

Dünyada çox arvadların başmaqları düşüb, xah at üstə gedən vaxt, xah arabadan ya faytondan, xah dəmir yol ilə gedəndə.

Mənim bir dostum var, nağıl edir ki, bir neçə il bundan qabaq övrətlə Xorasana gedən vaxt övrətinin başmaqları otuz dörd dəfə faytondan düşdü, iyirmi bir dəfə dəmir yolda gedən zaman pilləkanları enib-çıxanda düşdü və yüz qırx altı dəfə İranda at yolu ilə gedəndə düşdü.

İndi də haman dostum deyir ki, birisi Xorasan səfərinin adını çəkən kimi övrətimin “A kişi, qoyma başmağım düşdü” çığırtısı düşər yadıma.

Mənim bir özgə dostum var, bu da həmişə mənə deyər: mən ömrümdə övrətim ilə bircə dəfə də nəinki səfərə, bəlkə həyətdən küçəyə də çıxmamışam.

Soruşuram niyə, deyir-məhz ondan ötrü ki, qorxuram arvadım birdən çığıra “A kişi, qoyma başmağım düşdü”.

Xülasə dünyada çox arvadların başmaqları düşüb. Yəni vaqiən başmağın düşməyi nə bir elə böyük eyib ya bədbəxtlikdir? Başmaqdı düşdü, deyərsən “A kişi, qoyma başmağım düşdü”, kişi də fayton olsa faytonu saxlar, dəmir yol qatarı olsa dəmir yol qatarını saxlar (hərçənd bu evi xarab dəmir yolu sürənlər heç sözə baxan adam deyillər).

Bəli, dünyada çox arvadların başmağı düşüb, amma vallahı, billahı başmağın düşməyindən heç bir kəsin başına o qədər müsibət gəlməyib, nə qədər ki, Fatma xalanın başına gəlib.

Fatma xalanın əri Qatır ürküdən şəhərinin sakini Kərbəlayı Xalıqverdi Təzəkli kəndindən bir at almışdı. At gözəl at idi, amma bircə eybi var idi: həmişə fürsət tapan kimi təzə sahibin evindən çıxıb düz gedib çıxardı Təzəkli kəndinə – köhnə sahibi Məşədi Nurəlinin evinə. Sonra Kərbəlayı Xalıqverdi gedib dübarə Təzəklidən atı gətirərdi evinə.

Bir gün Fatma xala üzünü Kərbəlayı Xalıqverdiyə tutub dedi: a kişi, sən Allah, məni bir apar Heydərəli pirinə, indi Allaha şükür at almısan, piyada ki getməyəcəksən. Əvvəl Kərbəlayı Xalıqverdi cavab verdi, ay arvad sən Allah əl çək, amma axırda razı oldu.

Qatırlı şəhəri ilə Heydərli pirinin arası iki saatlıq yoldur.

Şəhərdən çıxanda Qurbağalı çayına kimi Təzəkli kəndinin yoludur, sonra çayı keçib Dovşantutan kəndinə tərəf bir saat qədərincə yol gedib Heydərli pirinə çatır.

Heydərli piri çox kəramətli pirdi. Bu pirin barəsində çox söz danışmaq olardı, amma şamaxılıların xatirəsi üçün danışmırıq.

Kərbəlayı Xalıqverdi atı çəkdi küçəyə və arvadı Fatma xalanı tərkinə alıb düşdü yola.

Ər və övrət söhbət edə-edə gedirdilər. Ər məsələn belə söhbət edirdi: Fatma, deyəsən at bir az axsayır, mən elə bilirəm ki, nalbənd usta Əli atı mıxa salıb.

Övrət belə söhbət edirdi: a kişi, sən Allah bir mənə de görüm, bu başıdaşlı nalbəndlər necə qorxmuyur atın qıçlarına mıx vururlar: bəlkə birdən at təpik atdı?

Kərbəlayı Xalıqverdi cavab verdi ki, Allah adamı saxlasa adama heç zad olmaz.

Bir qədər bu cür söhbət edə-edə getməkdə idilər ki, birdən naqafil Fatma çığırdı: A kişi, qoyma, başmağım düşdü. Kərbəlayı Xalıqverdi atı saxlayıb çöndü yola baxdı, amma bir şey görmədi. Atdan yerə düşüb övrətinə dedi ki, sən yapış cilovdan atı saxla, mən başmağı axtarım.

Fatma xala bu sözləri eşitcək tez cavab verdi: yox, yox başına dolanım, mən qələt edərəm, mən əlimi cilova vura bilmərəm. Kişi cilovu atın boynuna salıb dedi: eybi yoxdu, sən tərpənməsən, at durar. Və özü geri qayıdıb başladı başmağı axtarmağa. At bir qədər durub bir qədəm götürdü. Fatma xala çığırdı: “Ay aman!”. At bir qədəm də götürdü. Fatma xala qışqırdı: “Ay aman”. Sonra at başladı yavaş-yavaş qabağa hərəkət eləməyə. Bir az da keçəndən sonra Kərbəlayı Xalıqverdi övrətindən o qədər uzaq düşdü ki, Fatma xalanın bağırtısı dəxi onun qulaqlarına çatmadı.

Heyvan köhnə vətəndəki axurunu yadına salıb bir baş Təzəkli kəndinə çapmaqda idi. Yazıq Fatma xala hər iki əllərini yuxarı qaldırıb “ay aman” deyə-deyə nərə çəkirdi.

At Fatma xalanı götürüb qaçmaqda olsun, gələk Təzəkli kəndinə.

Atın köhnə sahibi Məşədi Nurəli oturmuşdu küçədə öz qapısının qabağında və kənd mollası Molla Qurbanqulu ilə söhbət edirdi. Bunlardan savayı burada məhəllə əhlindən genə bir neçə kəndli oturub mollanın söhbətinə qulaq verirdilər. Molla Qurbanqulu belə danışırdı:

– Arvad nədi, həyətdən küçəyə çıxdı nədi, hələ bir para binamus müsəlmanlar övrətlərini yanlarına salıb aparırlar qohum-qardaş evinə.

Kəndlilərin biri üzünü Molla Qurbanquluya tutub dedi: – A molla, and olsun bizi yaradan məxluqə, mən bircə dəfə də, ayıb olmasın sizdən də, Cəfərin anasını heç bir yerə aparmamışam. O biri kəndlilər də and içdilər ki, bir belə günah iş görməyiblər.

Molla Qurbanqulu başladı:

– Övrətinki odur ki, qatasan evə, qapısını qıfıllayasan.

Məşədi Nurəli üzünü tutdu mollaya və dedi “a molla, yaxşı fərmayiş ərz edirsən, bəlkə lazım oldu, məsələn, arvad gedib çeşmədən su daşısın, onda pəs qapını qıfıllayandan sonra axı arvad dəxi eşiyə çıxa bilməz ki, məsələn gedib su gətirsin”.

Molla Qurbanqulu ucadan cavab verdi: pəh, axmaq-axmaq danışmağa pul verməmisən? Övrət nədi, küçəyə çıxıb su gətirdi nədi. Suyu canın çıxsın özün daşı. Övrətə də etibar var ki qoyasan çıxa küçəyə? Övrətinki odur ki, qatasan dama, qapısına qıfıl vurub açarını qoyasan cibinə.

Bir qədər də söhbətdən sonra Molla Qurbanqulu Məşədi Nurəlidən soruşdu: Məşədi Nurəli, atı kimə satdın? Məşədi Nurəli cavab verdi ki, atı Qatır ülküdənli Kərbəlayı Xalıqverdiyə satıbdır. Molla Qurbanqulu Kərbəlayı Xalıqverdinin adını eşitcək başladı onu bu cür tərifləməyə:

– Bax nə demişəm, əsil müsəlman Kərbəlayı Xalıqverdidir. Mən o kişini çoxdan tanıyıram və Qatır ülküdənə gedəndə də həmişə Kərbəlayı Xalıqverdiyə qonaq olaram. Kişi doğrudan da Allah bəndəsidir. Heç bir dəfə də olmayıb ki, mən onun övrətinin ya bir səsini eşidim, ya boyunu görəm. Ay Məşədi Nurəli, halal olsun o atı ki, Kərbəlayı Xalıqverdiyə satıbsan.

Mollanın bu sözlərini Məşədi Nurəli də təsdiq elədi və dedi ki, vaqiən Kərbəlayı Xalıqverdi çox dindar və namuslu adamdır.

Kəndlilər bu söhbətdə idilər, gördülər ki, at tappıltısı gəlir. Yola tərəf baxıb gördülər ki, bir müsəlman övrəti at üstə oturub çapır. Kəndlilər hamısı birdən dedi: “Nəhlət sənə kor şeytan”. Molla Qurbanqulu dedi: Əstafürulla.

Atın üstündəki övrət bizim Fatma xala idi. Yazıq övrət qorxa-qorxa ikiəlli yapışmışdı yəhərin qaşından və bu səbəbdən üzünü örtə bilmirdi. Kəndlilərə yavuqlaşıb biçarə övrət utana-utana bir baxdı kəndlilərin üzünə və qızara-qızara, baxdı mollanın üzünə.

At, Məşədi Nurəlinin qapısına yetişib özünü soxdu həyətə, Molla Qurbanqulu bir qədər mat-mat baxır həyətə girib getdi başını soxdu çardağın altındakı öz axırına və daraşdı ot və saman çöplərini axtarıb yeməyə.

Sonra Məşədi Nurəlinin övrəti və bir neçə sair övrətlərindən yığışıb bir tövr Fatma xalanı atdan yendirdilər.

Yarım saatdan sonra Kərbəlayı Xalıqverdi də gəlib çıxdı.

Yazıq Fatma xala!!!

Lağlağı
“Molla Nəsrəddin”, 29 sentyabr, 6 oktyabr 1906, №26–27

QURBANƏLİ BƏY

Qoqol, Allah sənə rəhmət eləsin!


Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür.

Kənddə şuriş düşdü. Kənd əhlindən bu gün çöl işinə gedən olmadı. Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boyluyurdular ki, görsünlər gəlirmi naçalnik. Camaatın yarısı pristavın mənzilini əhatə edib durmuşdular. Qıraq kəndlərdən də camaat baxəbər olub yavaş-yavaş gəlirdilər.

Pristavın həyətinə adam əlindən girmək mümkün deyildi və katda, yasovul və qlava mirzələrindən savayı həyətə girmək heç kəsə izn verilmirdi.

Pristavın həyətində it yiyəsini tanımırdı. Səsdən və qiylü-qaldan qulaq tutulurdu: bir yanda quzular mələyirdi, bir yanda qıçları bağlı cücə və toyuqlar bağırırdılar, bir yanda qlavaların atları kişnəyirdilər. Bir tərəfdən pristavın qulaqları uzun tulaları gah qlavanın üstünə atılıb “haff” eləyirdilər, gah katdanın üstünə tullanıb “haff” eləyirdilər. Hərdən bir pristavın arvadı balkona çıxıb nazik səslə çığırırdı: “tişe”; yəni “yavaş”. Və sonra genə girirdi içəri.

Pristavın aşpazları, bellərində ağ önlük hərdənbir həyətə çıxıb qlavanın birinə deyirdi:

– Tez yarım girvənkə zəfəran tap.

Qlava “baş üstə” deyib, əvvəl bir başını salırdı aşağı, sonra mirzəsinə üzünü tutub buyururdu:

– Ada, Mirzə Həsən, durma tez şəhərə adam göndər, yarım girvənkə zəfəran gətirsin.

Bir az keçirdi, bir ayrı aşpaz əlində katlet bıçağı qlavanın birinə üzünü tutub buyururdu:

– Qlava, dörd-beş yüz yumurta lazımdır.

Qlava sevincək əlini uzadırdı həyətdəki səbətlərə və cavab verirdi:

– Nə danışırsan? Burada mindən artıq yumurta var.

Birdən qaçaqaç düşdü; dedilər “naçalnik gəlir”. Qlavalar çıxdılar qapıya, xanım çıxdı balkona, tulalar hücum çəkdilər adamların üstünə və bir qədər keçdi guya qurbağanın gölünə daş atdılar; çünki bu gələn naçalnik deyilmiş, özgə mahalın pristavı imiş. Pristav atdan yenib girdi həyətə və balkona çıxıb xanıma rusca bir neçə söz deyib özü də güldü və xanımı da güldürdü. Və sonra hər ikisi girdi içəri.

Genə katlet bıçaqlarının taqqıltısı, adamların tappıltısı, atların kişnəməsi, cücə-toyuqların və qlavaların bağırtısı və tulaların hafıltısı qarışdı bir-birinə. Bir ucdan təzə gələn qlava və katdalar atdan yenib, dolu xurcunları doldururdular həyətə. Bir ucdan kəndlilər dallarında qab-qazan, xalı və palaz daşıyırdılar. Bir ucdan kəndlilər həyətin dibində quzuları və toyuq-cücələri yan-yana yığıb öldürüb təmizləyirdilər.

Birdən qaçaqaç düşdü; dedilər “naçalnik gəlir”. Qlavalar qaçdılar qapıya, xanım və qonaq çıxdılar balkona, tulalar tullandılar həyətə və bir qədər keçdi genə qurbağanın gölünə daş atdılar; çünki bu gələn naçalnik deyilmiş, kazak böyüyü bir əfsər imiş. Bu da atdan yendi, qaça-qaça çıxdı balkona və xanımın əlini öpüb, kefini soruşdu və sonra girdilər otağa.

Bir qədər keçdi genə qaçaqaç düşdü; genə dedilər “naçalnik gəlir”. Amma bu da yalan oldu. Adamları araladılar, bu qonaq da girdi həyətə. Bu da “Qapazlı” kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəy idi.

Bəy həyətə girən kimi baxdı bir sağa, bir sola. Tulaların biri qaçıb gəldi Qurbanəli bəyin qabağına və başladı bəyin ayaqlarını yalamağa. Bəy əyilib itin başını tumarladı və dedi:

– Malades sobak, – və sonra qalxıb xanımı balkonda görüb çığırdı:

– İzdrasti! – və börkünü götürüb sağ əlilə qalxızdı yuxarı və qışqırdı:

– Urra! – Sonra qalxdı balkona və xanıma baş əydi. Xanım əlini uzatdı Qurbanəliyə. Bəy xanımın əlini alıb rusca dedi:

– Nə qədər mənim canım sağdı, sənə mən nökərəm, ay xanım.

Xanım bir az güldü və dedi:

– Spasibo.

Bəy bir ah çəkəndən sonra hər ikisi girdi içəri.

Bir az keçdi, mahal həkimi gəldi, sud pristavı gəldi, iki uçitel gəldi, genə bir əfsər56 arvadı ilə gəldi, genə bir özgə həkim arvadı ilə gəldi.

Bir az keçdi genə qaçaqaç düşdü; dedilər “naçalnik gəlir”. Qlavaların biri at üstə çaparaq gəlib özünü saldı yerə və həyətə soxulub qaçdı xanımın qabağına və çığırdı:

– Naçalnik idyot.

Xanım bir girdi içəri, bir çıxdı balkona. Qonaqlar da çıxdılar həyətə və qaçdılar qapıya. Tappıltı, şaqqıltı və çığır-bağır, qoyma, dinmə, çəkil, gəl, get… axırda bir yoğun çinovnik girdi həyətə, yeridi xanıma tərəf, sol əli ilə börkünü çıxardıb sağ əlini uzatdı xanıma və xanımın əlini öpüb qonaqlarla bir-bir əl-ələ verib qalxdı balkona və girdi otağa.

Naçalnikdən sonra genə bir neçə qonaq gəldi. Bunların da bir neçəsi arvadları ilə gəlmişdilər.

Qonaqlar yığışmışdılar zal otağına. Ortaya düzülmüşdü stollar və stolların üstünə düzülmüşdü növ-növ şirin çörəklər, suxarılar, paxlavalar, halvalar, kanfetlər, lumu-partaxallar, quru yemişlər. Stolun üstünə qoyulmuşdu yekə samavar və qulluqçular çay töküb qoyurdular qonaqların qabağına.

Naçalnik oturmuşdu yumşaq divanın üstündə, pristavın arvadı oturmuşdu onun yanında, qonaqlardan da bir neçəsi düzülmüşdü bunların yanına və naçalnik qabağındakı stəkanın qəndini qarışdıra-qarışdıra pristavın arvadı ilə söhbət edirdi.

Bu heyndə küçədən açıq akoşkalardan bir at kişnəməsi qalxdı. Bundan sonra bir ayrı at daha da ucadan başladı kişnəməyə. Qonaqların bir neçəsi akoşkadan baxdılar küçəyə. Atlar daha da ucadan başladılar kişnəməyə. Qurbanəli bəy akoşkadan başını çıxartdı küçəyə və çığırdı:

– Ədə Kəblə Qasım, heyvan oğlu heyvan, atı kənarda dolandır, yoxsa əlindən qurtarıb qaçar.

Bir az keçdi, atlar daha da şiddətlə başladılar çığırmağa. Qurbanəli bəy atlardan bərk başladı nökərinə çığırmağa və qonaqların hamısı qaçdılar akoşkaların qabağına.

Küçədə tövlənin qabağında bir strajnik bir ağ atın cilovundan yapışıb dolandırırdı. Bu at naçalnikin atı idi.

Qurbanəli bəyin nökəri bir kəhər atın cilovundan yapışıb bir az kənarda dolandırırdı. Bir-iki kəndli də bir az kənarda bir ayrı atların cilovlarından yapışıb dolandırırdılar. Akoşkanın qabağında kəndlilər düzülüb pristavın akoşkalarına baxırdılar.

Hərdən bir naçalnikin atı kişnəyə-ktşnəyə qabaq ayaqlarını döyür yerə və Qurbanəli bəyin atına baxıb, hirsindən cilovu gəmirtləyirdi. Qurbanəli bəyin atı hərdənbir nərə təpib, qabaq ayaqlarını qaldırırdı havaya və az qalırdı ki, Kərbəlayı Qasımı da göyə qaldırsın. Kərbəlayı Qasım da bərk-bərk cilovdan yapışıb çığırırdı:

– Buna bax ha!

Naçalnik gördü ki, kəhər at Qurbanəli bəyin atıdır və üzünü Qurbanəli bəyə tutub soruşdu ki, atı neçə yaşındadır? – Qurbanəli bəy papirosunu yandırıb naçalnikə dedi ki, atı bu il təzə dörd yaşa ayaq qoyur.

Genə naçalnik akoşkaya tərəf yeriyib, başladı Qurbanəli bəyin atına tamaşa eləməyə; sonra Qurbanəli bəyə çönüb dedi:

– Nə gözəl atdı!

Doğrudan, Qurbanəli bəyin atı gözəl at idi.

Qurbanəli bəy hər iki əlini sinəsinə qoyub naçalnikə cavab verdi:

– Peşkəşdi.

Naçalnik Qurbanəli bəyə dedi:

– Sağ ol – və genə başladı ata tamaşa eləməyə və genə Qurbanəli bəyə üzünü tutub soruşdu:

– Qaçmağı necədi? İti yüyürürmü?

Qurbanəlibəy naçalnikə dedi:

– Ay naçalnik, əgər sənin mahalında bir belə yüyürən at tapılsa, mən bığlarımı qırxdırmasam qurumsağam.

Yarım saatdan sonra qonaqları çağırdılar xörək otağına. Otağın ortasında uzun xörək stolu, üstünə düzülmüşdü hər cür xörəklər və içkilər.

Pristavın arvadı oturdu stolun baş tərəfində. Xanımın sağ tərəfində naçalnik əyləşdi və qeyri qonaqlar da hərə bir yer tutub oturdular.

Naçalnik araq şüşəsini əlinə götürüb əvvəl öz fincanını, sonra pristavın arvadının, sonra xanımların və sonra qeyri qonaqların fincanlarını doldurub durdu ayağa və rumkasını xanımın rumkasına vurub dedi:

– Mübarək olsun xanımın ad bayramı.

Naçalnikdən sonra xanımlar və ağalar yerlərindən qalxıb həmin sözləri dedilər və sonra naçalnik və qeyriləri şüşələri başlarına çəkib boşaltdılar.

Pristavın arvadı fincanı götürdü əlinə, qonaqlardan razılıq elədi, amma Qurbanəli bəyə baxıb gördü ki, bəy arağını hələ içməyib. Xanım bəydən soruşdu ki:

– Niyə içmirsiniz?

Bəy gülə-gülə başını saldı aşağa və dinmədi. Naçalnik Qurbanəli bəyə baxıb qəh-qəh çəkib dedi ki:

– Yoxsa sən də fanatik müsəlmanlardansan, onun üçün içmirsən?

Qonaqlardan bir neçəsi güldü və bir neçəsi də dedi ki:

– Götür iç!..

Axırda Qurbanəli bəy rumkasını götürdü əlinə və dedi:

– A kişi, siz Allah bu nədi? Buna bizdə üskük deyərlər ki, arvadlar barmaqlarına geyib tikiş tikərlər; yoxsa bizlərdə bunnan araq içməzlər.

Qonaqlar bu sözləri eşidib genə qəh-qəh çəkib güldülər və pristavın xanımı dedi:

– Da, da, doğrudur. Gunah məndədir. Qurbanəli bəy rumkaynan araq içməz.

Bu sözləri deyəndən sonra xanım bir çay stəkanı aparıb qoydu bəyin qabağına və araqla doldurub verdi bəyə. Qurbanəli bəy stəkanı götürüb dedi:

– Bax, buna nə demişəm?!.. Yoxsa üsküyü qoyublar mənim qabağıma ki, nə var, nə yox…

Qonaqlar genə gülüşdülər və Qurbanəli bəy arağı çəkdi başına, stəkanı qoydu yerə və çörəkdən bir tikə götürüb tutdu burnunun qabağına.

Ağalar və xanımlar məşğul oldular yeməyə, içməyə və eşikdə də toy və zurnanın səsi ucaldı. İki saatdan sonra qonaqlar qalxdılar ayağa, düzüldülər akoşkanın qabağına və başladılar tamaşa eləməyə.

* * *

Baharın ikinci ayı idi. Çiçəklərin və otların ətri qarışmışdı bir-birinə, çeşmələrin səsi qarışmışdı quşların səsinə. Hərdən bir zurnanın səsi ucalıb, özgə səslərin hamısını batil eləyirdi. Zurna sakit olan kimi adamların səsi ucalırdı. Evin qabağında, çayın kənarında, çəmənin üstündə bir neçə fərş döşənmişdi. Bir tərəfdə üç yekə samavar qoyulmuşdu və yanlarında otuz-qırx stəkan-nəlbəki, nimçələr, qəndlər, mürəbbələr, şirin çörəklər, lumu-partaxallar, kanfetlər, qurabiyələr və qeyri çay ilə və çaysız yeməli şeylər, yağlar, xamalar, qaymaqlar, quru yemişlər düzülmüşdü. Ətrafdan qoyulmuşdu yasdıq və balışlar. Bir tərəfdə qlavalar tatarı əllərində kəndliləri döyə-döyə bir yerə yığırdılar ki, əl-ələ verib yallı getsinlər.

Ağalar və xanımlar akoşkalarda görünən kimi kəndlilər “urra” deyib papaqlarını atdılar göyə və yapışdılar yallı getməyə. Pristavın xanımı qonaqlara təklif elədi ki, buyursunlar, çayın kənarında başladılar yallı getməyə.

Ağalar və xanımlar yendilər. Kəndlilər genə “urra” çəkib qarışdılar bir-birinə və sonra genə başladılar yallı getməyə.

Qurbanəli bəyin nökəri Kərbəlayı Qasım kənarda durub, əllərini qoymuşdu ciblərinə, baxırdı və Qurbanəli bəyi görcək ikiqat əyildi. Bəy papirosunu ağzına alıb Kərbəlayı Qasıma işarə elədi. Kərbəlayı Qasım qaçıb gəldi ağasının yanına və spiçkanı cibindən çıxarıb yandırdı və tutdu ağasının qabağına. Bəy papirosu yandırıb dedi:

– Axmaq oğlu, axmaq, bə sən niyə yallı getmirsən?

Kərbəlayı Qasım başını əydi aşağı və dedi:

– Ay ağa, mən qocalmışam. Daha mənə yallı getmək yaraşmaz.

Bəy papirosunu göyə üfləyib yapışdı Kərbəlayı Qasımın çiynindən və çəkə-çəkə apardı yallı gedənlərin yanına və dedi:

– Yapış, heyvan balası, heyvan! Yoxsa vallah döyə-döyə səni öldürərəm!

Kərbəlayı Qasım yapışdı kəndlilərin əlindən və istər-istəməz başladı onlarla bir yerdə dolanmağa. Qurbanəli bəy özü də dəstənin başından yapışıb başladı atılıb düşməyə. Pristavın arvadı Qurbanəli bəyə çəpik çaldı. Naçalnik də qəh-qəh çəkib güldü və başladı çəpik çalmağa. Özgə qonaqlar da çəpiyi tutub başladılar gülməyə. Qurbanəli bəy özü ağzını göyə açıb qəh-qəh elədi və çığırdı:

– Ay xanım, mən istəyirəm sənin sağlığına içim. Buyur mənə çaxır gətirsinlər. Urra, urra!

Nökərlər butulkaları başladılar daşımağa. Qurbanəli bəy bir stəkan içib genə başladı fırlanmağa, genə başladı dolanmağa.

Bir qədər keçdi, genə bir stəkan içib çığırdı:

– Xanımın sağlığına – və genə başladı dolanmağa bir qədər keçəndən sonra yorulub çəkildi kənara və bir stəkan çaxır doldurub nökəri Kərbəlayı Qasımı çağırıb və dedi:

– İç.

Kərbəlayı Qasım başladı yalvarmağa:

– Ay ağa, sən bilirsən ki, mən içmənəm. Aman günüdü, məni çövür balovun başına, mən içə bilmənəm.

Bəy bir qədər də nökərini yaxalayıb gördü ki, içmir və çaxırın bir azını tökdü Kərbəlayı Qasımın üstünə və bir azını da özü içdi.

Ağalar və xanımlar məşğul oldular çay içməyə. Qurbanəli bəy də gedib bir tərəfdə oturdu və üzünü naçalnikə tutub dedi:

– Mənim nökərim Kərbəlayı Qasım lap biqeyrətdi. Mən indiyə kimi nə qədər eləmişəm ona bir qətrə çaxır içirdə bilməmişəm. Deyirəm ki, axı, ay axmaq, sən ki, üzümü yeyirsən, axı bu nədi ki? Üzüm suyu deyil məgər? Nə qədər eləyirəm, içmir.

Naçalnik Qurbanəli bəyə cavab verdi ki, Kərbəlayı Qasım qanmır, avamdı. Qurbanəli bəy qəh-qəh çəkdi və dedi:

– Necə qanmır? Çox yaxşı qanır. O məgər qanmır ki, çaxır üzümdən qayrılır? Çox əcəb qanır. Ancaq biqeyrətdi, onun üçün içmir.

* * *

Yarım saata kimi ağalar və xanımlar çay içməyə və söhbətə məşğul oldular. Kəndlilər də yallı gedirdilər. Xanımların biri hərdənbir əllərini basırdı qulaqlarına və ərinə şikayət edirdi ki, “zurnanın səsindən az qalır qulaqlarım tutulsun”. Pristav xanımın gileyini başa düşəndən sonra toyçulara çığırdı ki, daha çalmasınlar. Toyçular sakit oldular.

Toyun səsi kəsilcək Qurbanəli bəy üzünü toyçulara çöndərib çığırdı:

– Ədə, çalın, namərdlər!

Pristav bəyə dedi ki, toyun səsi xanımlara xoş gəlmir, qoy çalmasınlar. Qurbanəli bəy durdu ayağa, pristava dedi:

– Mən ölüm qoy çalsınlar, mən istəyirəm oynayam.

Pristavın cavabını gözləməyib Qurbanəli bəy toyçulara çığırdı:

– Ədə, çalın! “Uzun dərə” çalın.

Toyçular hazırlaşırdılar çalmağa. Naçalnik durdu ayağa və börkünü başına qoyub bəyə dedi:

– Bəy, hələ sonra oynarsan. Göndər nökərini sizin atınızı çəkib gətirsin, mən istəyirəm ata baxam.

56.Zabit

Бесплатный фрагмент закончился.

274 ₽
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
18 октября 2022
ISBN:
978-9952-8252-1-3
Правообладатель:
JekaPrint

С этой книгой читают

Антидемон. Книга 15
Эксклюзив
Черновик
4,4
113